“2017-ci ildən Ermənistana silah satışına icazə vermişik” –

Serbiyanın Ticarət naziri Layiç
01 Avqust 2020 - 11:03

2017-ci ildən bəri Serbiya “Vectura trans”, “Partizan tech” və “Zastava oružje” firmalarına Ermənistana silah ixracı üçün 19 icazə verib.

Regnum xəbər verir ki, bunu iyulun 30-da Serbiya Ticarət, Turizm və Telekommunikasiya naziri Rasim Layiç ölkə parlamentinin deputatı Marinka Tepiçin Serbiya silahlarının Ermənistana ixracı ilə bağlı suallarını yazılı şəkildə cavablandırarkən bildirib.

Nazirin sözlərinə görə, bunun üçün rəsmi və hüquqi məhdudiyyətlər yoxdur, çünki Ermənistan heç bir çoxtərəfli sanksiyalara məruz qalmır: “Lakin razıyam ki, gələcəkdə bu məsələyə daha diqqətlə yanaşmalıyıq ki, çox yaxşı siyasi və iqtisadi əlaqələr saxladığımız bir dövlətlə dostluq münasibətləri pozulmasın”,- deyə N1 televiziya kanalı Leyiçin cavabından sitat gətirib.

Xatırladaq ki, bir müddət əvvəl Serbiyadan Gürcüstan vasitəsilə Ermənistana müxtəlif çaplı minaatan silah-sursatların gətirilməsinə dair məlumatlar yayılıb. Həmin silahların Tovuz istiqamətində hücumda istifadə olunması ciddi qalmaqal yaradıb.