ABŞ Prezidenti Co Bayden 2024-cü ildə yenidən dövlət başçısı vəzifəsinə seçilmək üçün mübarizə aparmaq niyyətində olduğunu açıqlayıb.
“Bəli. İkinci müddətə namizəd olmağı planlaşdırıram”, – deyə Amerika lideri ilk mətbuat konfransı zamanı “növbəti dəfə prezidentliyə namizədliyinizi irəli sürmək niyyətiniz varmı?” sualını cavablandırarkən bildirib.
Bununla yanaşı, Bayden taleyə inandığını və 3,5-4,5 il əvvəli planlaşdırmaq üçün imkanının olmadığını da əlavə edib. Dövlət başçısının sözlərinə görə, 2024-cü ildə yenidən vitse-prezident Kamala Xarrislə birlikdə seçki kampaniyasında iştirak etməyi düşünür: “O, əla tərəfdaşdır”.
Bayden 2020-ci ilin payızında keçirilən seçkilərdə ABŞ prezidenti seçilib. Demokratların namizədi Respublikaçı Donald Trampı məğlub edib. Qeyd edək ki, Co Baydenin hazırda 78 yaşı var.