ABŞ-da 1950-ci ildə ölüm cəzasına məhkum edilən Frensis Klifford Smit hökmün icrasını səkkiz dəfə gözləsə də, hər dəfə edamı təxirə salınıb və ya ləğv edilib. O, bu ilin iyununda 101 yaşında, ömrünün 70 ildən çoxunu həbsxana sistemində keçirdikdən sonra vəfat edib. BBC News-un məlumatına görə, Smit son ana qədər günahsız olduğunu bildirib.
Azpost.info xəbər verir ki, Frensis Klifford Smit Konnektikut ştatında yaxta klubunun gecə gözətçisi Qrover Hartın qətlinə görə ölüm cəzasına məhkum edilmişdi. Həbs ediləndə onun 25 yaşı var idi.
Lakin illər keçdikcə hökmün əsaslılığı ilə bağlı ciddi şübhələr yaranıb. Bir neçə şahid əvvəlki ifadəsindən imtina edib, başqa bir məhbus isə qətli törətdiyini etiraf edib. Smitin həbsdən sonra dindirilməsində iştirak edən polis əməkdaşlarından biri də sonradan onun günahsız olduğuna inandığını bildirib.
“Onun ümumiyyətlə qətl zamanı hadisə yerində olub-olmadığına belə əmin deyiləm”, – polis mayoru Leo Kerroll Əfv Şurasında çıxışı zamanı demişdi.
Smit həyatının böyük hissəsini həbsxanada keçirib. Yalnız üç qısa dövrdə azadlıqda olub. O, 1967-ci ildə həbsxanadan qaçsa da, 12 gün sonra saxlanılıb. 1974-cü ildə ona Milad axşamını evdə keçirməyə icazə verilib və daha sonra yenidən həbsxanaya qayıdıb.
1975-ci ildə Smit şərti olaraq vaxtından əvvəl azadlığa buraxılıb. Lakin təxminən 10 ay sonra xırda oğurluq və silah saxlama ittihamı ilə yenidən həbs olunub. Bu isə onun vaxtından əvvəl azad olunma şərtlərinin pozulması kimi qiymətləndirilib.
Sonrakı illərdə Smit bir neçə dəfə yenidən şərti azadlığa buraxılmaq təklifindən imtina edib. Yalnız 2020-ci ildə nəzarət altında azadlığa çıxmağa razılaşıb və cəzaçəkmə sisteminə bağlı yaşlılar üçün xüsusi müəssisəyə yerləşdirilib.
“Quş adam” kimi tanınırdı
Osborn həbsxanasında Smit “Quş adam” ləqəbini almışdı. O, mütəmadi olaraq həbsxananın ətrafındakı quşları bəsləyirdi. Konnektikutun Cəzaçəkmə Müəssisələri Departamentinin əməkdaşı Andrius Baneviçyusun sözlərinə görə, Smit bəzən çörəyi paltarında gizlədərək quşlara aparırdı və həbsxana əməkdaşları buna göz yumurdular.
Ömrünün son illərində Smit nəzarət altında fəaliyyət göstərən yaşlılar evində yaşayıb. O, yaşlı məhbuslara və keçmiş məhbuslara tibbi xidmət göstərən xüsusi proqramın ilk iştirakçılarından biri olub.
Son illərini keçirdiyi 60 West müəssisəsinin nümayəndəsi bildirib ki, Smit iyun ayında yuxuda dünyasını dəyişib.
“Əslində, o, sadəcə qocalıqdan öldü”, – müəssisənin nümayəndəsi bildirib.
ABŞ həbsxanalarında yaşlı məhbusların sayı artır
Smitin hekayəsi ABŞ həbsxanalarında yaşlı məhbusların sayının sürətlə artması problemini də yenidən gündəmə gətirib.
2025-ci ildə aparılan araşdırmaya əsasən, 1991-2021-ci illərdə ABŞ-da yaşı 55 və daha yuxarı olan məhbusların sayı təxminən 400 faiz artıb. ABŞ Əhali Siyahıyaalınma Bürosunun proqnozuna görə, 2030-cu ilə qədər bütün məhbusların ən azı üçdə biri 50 yaşdan yuxarı olacaq.
Araşdırmaçılar yaşlı məhbuslar üçün “ağıllı dekarsersiya” adlandırılan yanaşmanın tətbiqini təklif edirlər. Bu yanaşma humanitar və tibbi səbəblərlə vaxtından əvvəl azadlığın daha geniş tətbiqini, həmçinin həbsxana sistemində yaşlı məhbuslara xüsusi qayğının təşkilini nəzərdə tutur.
Mütəxəssislər bildirirlər ki, uzun illər həbsxanada qalmaq insan orqanizminin qocalmasını ciddi şəkildə sürətləndirə bilər. Onilliklər ərzində azadlıqdan məhrum edilən bir insanın bioloji və fiziki vəziyyəti 60 yaşında 90 yaşlı şəxsin sağlamlıq vəziyyətinə bənzəyə bilər.
N. Talıblı