27 ildə ölkəmiz “Əsrin müqaviləsindən” neçə milyard dollar qazanıb? –

EKSPERT ŞƏRHİ
20 Sentyabr 2021 - 15:12

27 il öncə Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” (AÇG) blokunun və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi ilə bağlı Dövlət Neft Şirkəti (SOCAR) ilə beynəlxalq neft şirkətləri arasında müqavilə imzalanıb. Azərbaycanda bu “Əsrin müqaviləsi” adlandırılır.

Prezident Heydər Əliyevin 2001-ci il avqustun 16-da imzaladığı sərəncam ilə hər il sentyabrın 20-si Azərbaycanda neftçilərin peşə bayramı – Neftçilər Günü kimi qeyd olunur.

“Əsrin müqaviləsi”ndə bir çox ölkələrin 13 neft şirkəti (“Amoco”, BP, “McDermott”, “Unocal”, SOCAR, “LUKoil”, “Statoil” (hazırda “Equinor”), “Exxon”, “Türkiye Petrolleri”, “Pennzoil”, “Itochu”, “Remco”, “Delta”) iştirak edib.

2017-cü il sentyabrın 14-də həmin saziş müəyyən dəyişikliklərlə 2050-ci ilə qədər uzadılıb.

Neft və qaz sənayesi üzrə ekspert İlham Şaban Azadlıq Radiosuna müsahibəsində Azərbaycanın həmin sazişdən əldə etdiyi gəlirdən danışıb. Onun deməsinə görə, 27 ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 3.9 milyard bareldən çox neft hasil olunub.

İ.Şaban qeyd edib ki, indiyədək Neft Fondu AÇG layihəsi üzrə təxminən 153 milyard dollar qazanıb. Bundan başqa, dolayı qazanc da əldə edilib.

“Azərbaycanın toplam gəliri 170-175 milyard dollar civarındadır”, – İ.Şaban hesab edir.

İ.Şaban əlavə edib ki, Azərbaycanın yüzlərlə özəl şirkətləri də “Əsrin müqaviləsi”ndə dolayı iştirakçı olaraq gəlir götürüblər.

Ekspert hesaba alınmayan xeyirdən də danışıb: “Azərbaycan neftçiləri əvvəl bilmədikləri texnologiyanı Qərb şirkətləri ilə birgə çalışaraq mənimsəyiblər. Bu, xüsusən dənizin dərin hissələrində neftin ətraf mühitə ziyan vurmadan əldə edilməsidir”.

Azərbaycanın neftdən əldə etdiyi gəlir Dövlət Neft Fondunda toplanır. Bu il iyulun 1-nə olan məlumata görə, Fondun aktivləri 44 milyard 104.9 milyon ABŞ dollarına bərabərdir.

Neftdən əldə edilən pulların böyük hissəsinin müxtəlif layihələrə və büdcə transfertlərinə xərcləndiyi bildirilir.