29 saylı Səbail Seçki Dairəsində nəticəsi ləğv edilən seçki məntəqələrinin sayı 7-yə çatıb

24 Fevral 2020 - 19:53

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar  29 saylı Səbail Seçki Dairəsi ilə bağlı qeydiyyata alınmış namizəd Sultan Nəcəfov və Elçin Rəhimovun müraciətinə baxılıb.

Məsələ barədə MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib.

B. Əsgərov bildirib ki, MSK-nın apardığı araşdırma zamanı 23 saylı seçki məntəqəsində seçkinin nəticələrinin seçicilərin iradəsini ifadə etmədiyi üzə çıxıb.

MSK 29 saylı Səbail Seçki Dairəsi üzrə 23 saylı seçki məntəqəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar verib.

Qeyd edək ki, 29 saylı Səbail Seçki Dairəsində lider namizəd Nigar Arpadaraidir.

Bundan əvvəl bu dairənin 1, 5, 9, 11, 17, 25 saylı seçki məntəqələrində seçkinin nəticələri ləğv edilib.