“3-cü mikrorayon bazarı”nda yanğın 17 maşınla söndürüldü –Bazar niyə yanıb? (RƏSMİ AÇIQLAMA)

Bakı şəhəri, Nəsimi rayonunda (“3-cü mikrorayon bazarı” adlanan ərazidə) baş verən yanğın söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov deyib ki, “3-cü mikrorayon bazarı”nda yanğın olan əraziyə Fövqəladə Hallar Nazirliyinin 17 yanğınsöndürən maşını cəlb olunub. Yanğın bazarın bir hissəsini əhatə edib.

Onun sözlərinə görə, yanğın tam söndürülüb, hazırda tüstülənmənin qarşısı alınır.

Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev də yanğın baş verən əraziyə gəlib.

“Hadisə yerinə 17 yanğın texnikası, 75 yanğınsöndürən cəlb edilib. Yanğında xəsarət alan yoxdur. Hadisə yerində iki “QAZel” markalı avtomobil qismən yanıb”- Bunu Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) rəisi general Füzuli Əsədov bildirib. Onun sözlərinə görə, yanğın təxminən 300 kv. metr sahəni əhatə edib: “Yanğınla bağlı məlumat Böhran Xidmətinə saat 17:29-da daxil olub. Hadisə yerinə yanğınsöndürənlər təxminən 4 dəqiqəyə  çatıb. Bakının başqa rayonlarından əlavə qüvvələr gətirilib. Təxminən yarım saat ərzində yanğın məhdudlaşdırılıb”.

Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə,  “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Nəsimi rayonunda (“3-cü mikrorayon bazarı” adlanan ərazidə) yanğın olması barədə məlumat daxil olub.

Azpost.info bildirir ki, bu hadisə həftə ərzində ikinci böyük yanğındır. Bir neçə gün əvvəl “Eurohome” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində obyektin xeyli hissəsi sıradan çıxıb, sahibkarlara maddi ziyan dəyib.

Fövqəladə Hallar Nazirliyində bu gün nazir müavini general-leytenant Etibar Mirzəyevin iştirakı keçirilmiş əməliyyat müşavirəsi Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarında baş vermiş yanğının söndürülməsinin müzakirəsinə həsr olunub.

DYMX-nin rəis müavini polkovnik Rza Xudiyev bildirib ki, mürəkkəb yanğınlar kateqoriyasına aid edilən bu yanğının söndürülməsi təlimata uyğun qaydada təşkil edilib, itkilərin minimuma endirilməsi məqsədilə bütün mümkün tədbirlər görülüb.

Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev şəxsi heyətin peşə, döyüş və fiziki hazırlığının daha da artırılması, intizamın gücləndirilməsi, yanğın texnikalarının təmiri və istismarının təşkili, müqavilə əsasında yanğından mühafizəsi təşkil edilən obyektlərdə  profilaktik tədbirlərin həyata keçirilməsi, yanğından mühafizə işinin daha da səmərəli həyata keçirilməsi və s. istiqamətlərlə əlaqədar tapşırıqlar verib.

**

Fövqəladə Hallar Nazirliyi Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “3-cu mikrorayon bazarı” kimi tanınan ərazidə baş vermiş yanğınla bağlı məlumat yayıb.

APA FHN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, məlumat daxil olduqdan 4 dəqiqə sonra, yəni saat 17:33-də ilk yanğınsöndürmə briqadaları hadisə yerinə çatıb.

Yanğının mürəkkəbliyinə, ərazidə yüksək yanğın riskli çoxsaylı obyektlərin mövcudluğuna baxmayaraq, yanğınsöndürənlərin peşəkarlığı və şücaəti sayəsində yanğının böyük əraziyə yayılmasına və daha böyük faciəyə səbəb olmasına imkan verilməyib. Belə ki, yanğın saat 18:00-da, yəni ilk yanğınsöndürmə briqadaları hadisə yerinə çatandan 27 dəqiqə sonra məhdudlaşdırılıb və saat 18:19-da tam söndürülüb.

Ümumilikdə 6100 kv.m-dən artıq sahəsi olan bazarda 280 kv.m sahədə kafe və satış piştaxtaları, 2 ədəd “QAZEL” markalı yük avtomobili və bazara bitişik 50 kv.m sahəsi olan avtomobil təmiri sexi yanıb. Bazarın qalan hissəsi yəni, 5800 kv.m-dən artıq ərazisi və yaxınlıqdakı obyektlər yanğından mühafizə olunub, yanğın nəticəsində ölən və ya xəsarət alan olmayıb.

Qeyd edək ki, hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətindən 17 ədəd texnika və 75 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən 8 ədəd texnika və 66 nəfər canlı qüvvə cəlb edilib, Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və nazirliyin aidiyyəti qurum rəhbərliyi hadisə yerində olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ürəkləri fəth edən unudulmaz sənətkar –

Sonrakı məqalə

İranın cəmi 10 milyard dollar pulu qalıb –