35 ölkənin idman nazirləri Rusiya və Belarusun beynəlxalq idman təşkilatlarına üzvlüyünün dayandırılması ilə bağlı ümumi tələblə çıxış ediblər.
Azpost.info xəbər verir ki, bu barədə Polşanın İdman və Turizm Nazirliyi məlumat yayıb.
“Biz Rusiya və Belarus idman birliklərinin beynəlxalq federasiyalarda üzvlüyünün dayandırılmasını, bu ölkələrin nümayəndələrinin beynəlxalq federasiyaların rəhbər orqanlarından kənarlaşdırılmasını tələb edirik. Həmçinin Rusiyada beynəlxalq idman tədbirlərinin yayımının dayandırılmasını istəyirik”, – Polşanın idman naziri Kamil Bortniçukun deyib.
İdman sahəsində Rusiya və Belarusa qarşı növbəti sanksiyalara dair birgə bəyannaməni Avropa İttifaqının 25 ölkəsi, həmçinin Britaniya, Lixtenşteyn, İslandiya, ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiya, Cənubi Koreya, Yaponiya və Norveç imzalayıb.
Bolqarıstan, Macarıstan və İsveçrə sənədə imza atmayıb.
Polşanın İdman Nazirliyi xatırladıb ki, bu, Avropa və dünyanın digər ölkələrinin idman nazirlərinin ikinci ümumi mövqeyidir. Birincisi martın 8-də Rusiyanın Ukraynaya təcavüzündən az sonra təqdim edilib. Daha sonra idman nazirləri beynəlxalq federasiyalara Rusiya və Belarus idmançılarını və komandalarını beynəlxalq yarışlardan kənarlaşdırmağı, Rusiya və Belarusu iri beynəlxalq yarışların təşkili hüququndan məhrum etməyi tövsiyə ediblər.
Azpost.info