“44 Günlük Vətən müharibəsinin Zəfəri” mövzusunda tədbir keçirilib

44 günlük Vətən müharibəsində Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad etməklə tarixinin ən şərəfli səhifəsini yazdı. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun qüdrəti və Azərbaycan xalqının sarsılmaz birliyi qarşısında düşmən məğlub oldu.

Vətən müharibəsində qazanılan və xalqımızın hər il iftixar hissi ilə bayram günü kimi qeyd etdiyi möhtəşəm Zəfər Azərbaycan tarixinin səhifələrinə qızıl hərflərlə həkk olunan ən böyük tarixi hadisədir.

Bu fikirlər Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının dəstəyi ilə 48 saylı Ərazi Partiya Təşkilatı və Laçın rayon 1 nömrəli tam orta məktəbinin keçirdiyi “44 Günlük Vətən müharibəsinin Zəfəri” mövzusunda tədbirdə səsləndirilib. Partiya veteranlarının, şəhid ailələrinin üzvlərinin, qazilərin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə Laçın rayon 1 nömrəli tam orta məktəbinin şagirdlərinin 8 Noyabr – Zəfər Gününə həsr etdikləri əl işləri və rəsmlərdən ibarət sərgiyə baxış keçirilib.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Xalqımızın ümummilli lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Laçın rayon təşkilatının 48 saylı Ərazi Partiya Təşkilatının sədri, Laçın rayon 1 nömrəli tam orta məktəbinin direktoru Vəfa İsmayılova 8 Noyabr – Zəfər Günü barədə məlumat verdikdən sonra şagirdlərin hazırladıqları kompozisiyalar təqdim edilib.

Tədbirdə çıxış edən şəhid ailələri, qazilər, rayon ziyalıları, partiya fəalları Vətən müharibəsindən bəhs edərək 2020-ci il sentyabrın 27-də düşmənin təxribatlarına tutarlı cavab verən rəşadətli Ordumuzun bütün cəbhə boyu ardıcıl Qələbələrindən danışıblar.

Şəhidlərin valideyinləri Vətən üçün qəhrəman övladlar yetişdirdikləri üçün iftixar hissi keçirdiklərini bildiriblər. Şəhid valideyinləri, qazilər Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevə şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Tədbirdə çıxış edən YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov bildirib ki, müasir silahlar Ordumuzun güc alətlərindən yalnız biri idi. Müharibənin taleyini müəyyənləşdirən başda Müzəffər Ali Baş Komandan olmaqla, döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və onun cəsur komandirləri idi. Məhz onların səyi nəticəsində iflic vəziyyətə düşən Ermənistan ordusu arsenalında olan köhnə və istismar müddəti bitmiş silah sistemlərini də döyüşə cəlb etdi, nəticəsi rüsvayçı şəkildə uduzmaq oldu. Bununla da Silahlı Qüvvələrimiz “Ermənistan ordusunun məğlubedilməzliyi” mifini darmadağın etdi. Beləliklə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi Azərbaycanın şanlı Qələbəsi ilə sona çatdı. 44 gün davam edən hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı. Müharibədən dərhal sonra işğaldan azad edilmiş ərazilərin bərpasına başlanıldı. Artıq azad olunmuş ərazilərimizdə geniş bərpa və quruculuq işləri həyata keçirilir. Ermənistanın 30 il müddətində talayaraq, dağıdaraq yer üzündən sildiyi ərazilərə həyat yenidən gəlir.

Əvvəlki məqalə

Avropada qazın qiyməti 1 200 dollardan aşağı enib

Sonrakı məqalə

DİN Salyanda azyaşlı qız barədə yayılan məlumata münasibət bildirib