70 yaşlı nadir Mercedes 2 milyon dollara satıldı-FOTO

1957-ci il istehsalı nadir Mercedes-Benz 300 SL Roadster avtomobili The Quail Auction 2026 hərracında 2,04 milyon dollara satılıb.

Azpost.info bildirir ki, bu barədə Motorious portalı məlumat yayıb.

Bill və Linda Feldhorn kolleksiyasından olan avtomobil Broad Arrow Auctions hərracının ən diqqətçəkən lotlarından biri olub.

Avtomobilin əsas xüsusiyyəti onun zavodda verilmiş qeyri-adi Light Green Metallic rəngidir. Mercedes-Benz 300 SL Roadster modelinin cəmi 15 nüsxəsi zavodda ilkin olaraq bu rəngə boyanıb. Yaşıl dəri salonla birlikdə avtomobil 1950-ci illər üçün nadir sayılan orijinal rəng kombinasiyasını qoruyub.

Avtomobilin tarixində ABŞ avtomobil yarışları ilə bağlı maraqlı səhifə də var. Bir müddət avtomobil Camoradi USA yarış komandasının qurucusu Laki Kasnerə məxsus olub. Daha sonra isə 1966-cı ildən 2007-ci ilə qədər, yəni 41 il ərzində eyni ailədə saxlanılıb.

Sonrakı mərhələdə Mercedes-Benz 300 SL tam bərpa olunub və avtomobil ayrı-ayrı hissələrinə qədər sökülüb. Bərpa işlərini Mercedes-Benz avtomobilləri üzrə tanınmış mütəxəssis Rudi Konichek həyata keçirib.

Restavrasiyadan sonra avtomobil bir sıra müsabiqələrdə mükafatlar qazanıb. Onların arasında The Quail, A Motorsports Gathering və Gull Wing Group-un illik toplantısı da olub. Avtomobil həmçinin Hampton Court Palace-da keçirilən zəriflik müsabiqəsində iştirak edib.

Bununla belə, nadir Roadster yalnız sərgi eksponatı kimi istifadə olunmayıb. Restavrasiyadan sonra ona klassik Mercedes-Benz avtomobilləri üzrə mütəxəssislər tərəfindən müntəzəm texniki xidmət göstərilib. Avtomobil həmçinin təxminən 1000 mil məsafəyə hesablanan bir neçə tarixi avtomobil rallisində iştirak edib.

Mercedes-Benz-in məlumat kartına əsasən, avtomobilin şassi, mühərrik, kuzov, sürətlər qutusu, sükan topu, arxa körpü və sükan mexanizminin nömrələri bir-biri ilə uyğun gəlir. Qorunub saxlanılan orijinal avadanlıqlar arasında mərkəzi qaykalı Rudge üslublu təkərlər və Becker Mexico radioqəbuledicisi də var.

Mercedes-Benz 300 SL Roadster 1957-ci ildə məşhur 300 SL Gullwing modelinin açıq kuzovlu versiyası kimi təqdim edilib. Avtomobil mexaniki yanacaq püskürtmə sisteminə malik 3,0 litrlik, sıralı 6 silindrli mühərriklə təchiz olunub. Kupedən fərqli olaraq, Roadster gündəlik istifadə üçün daha rahat avtomobil hesab edilirdi.

Nadir zavod rəngi, orijinal komplektasiya, yarış keçmişi, 41 illik ailə sahibliyi və mükafatlarla təltif edilmiş restavrasiya işlərinin bir araya gəlməsi avtomobilin hərracda 7 rəqəmli qiymətə – 2,04 milyon dollara satılmasına imkan verib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.