Almaniyanın Ankaradakı səfirliyi Türkiyədə terror aktları riski ilə bağlı xəbərdarlıq edib.
Azpost.info xəbər verir ki, səfirlik bu barədə “Tviter” hesabında paylaşım edib.
“Təhlükəsizlik xidmətlərinin nümayəndələrinin məlumatına görə, Avropada “Qurani-Kərim”i təhqir edən silsilə aksiyalardan sonra Türkiyədə terror aktları təhlükəsi artır”, – səfirlikdən bildiriblər.
Səfirlik vətəndaşlarından ictimai yerlərdə maksimum sayıq olmalarını, insanların sıx toplaşdığı yerlərdən, eləcə də ibadət yerlərindən uzaq durmalarını xahiş edir.
Qeyd edək ki, ABŞ və Fransanın Türkiyədəki diplomatik nümayəndəlikləri də oxşar bəyanatlarla çıxış ediblər.
Yanvarın 27-də radikal sağçı siyasətçi Rasmus Paludan Kopenhagendəki məsciddə müsəlmanların müqəddəs kitabını yandırıb, həmçinin Türkiyənin Danimarka paytaxtında yerləşən səfirliyində də eyni hərəkəti təkrarlayacağı ilə hədələyib. İnsidentdən sonra Türkiyə Xarici İşlər Nazirliyi Danimarkanın Ankaradakı səfirini çağıraraq hadisəyə kəskin etirazını bildirib.
Azpost.info
