ABŞ Ukrayna ilə bağlı Donbasda demilitarizasiya zonasının yaradılmasını nəzərdə tutan sülh sazişini nəzərdən keçirir.
ABŞ-ın müzakirə etdiyi mümkün razılaşma yalnız ərazi və siyasi güzəştləri deyil, həm də Rusiyaya geniş iqtisadi imtiyazların verilməsini nəzərdə tutur. Kreml üçün stimullardan biri Rusiya qazının Avropa bazarına qaytarılması və “Şimal axını” qaz kəmərinin fəaliyyətinin bərpası ola bilər.
“The Economist” nəşri potensial razılaşmanın ümumi çərçivəsi ilə tanış olan ukraynalı rəsmilərə istinadən yazır.
Nəşrin təsvir etdiyi ssenariyə əsasən, Donbasda demilitarizasiya zonası yaradıla bilər. Bunun müqabilində Rusiya ABŞ-la yeni biznes sazişləri bağlamaq, sanksiyaların ləğvinə nail olmaq və Qərblə siyasi münasibətləri tədricən normallaşdırmaq imkanı əldə edə bilər.
Ukrayna üçün isə fərqli şərtlər paketinin nəzərdə tutulduğu bildirilir. Kiyev investisiya dəstəyi ala və Avropa İttifaqına üzvlük perspektivini gücləndirə bilər. Bununla belə, mümkün tələblərdən biri Ukraynanın NATO-ya üzv olmaq istəyindən imtina etməsi ola bilər.
Təklif olunan planın mühüm istiqamətlərindən biri də enerji məsələsidir. Vaşinqton ilin sonunadək Rusiya qazının Avropaya satışını tam dayandırmaq istiqamətində əvvəlki planlara baxmayaraq, Moskva ilə qaz tədarükünün bərpasını müzakirə edə bilər.
Mümkün kompromisin digər elementi “Şimal axını” qaz kəmərinin yenidən işə salınması ola bilər. Bu, Rusiyaya Avropa enerji bazarında itirdiyi mövqelərin bir hissəsini bərpa etmək, həmçinin sanksiya rejiminin yumşaldılması halında əlavə iqtisadi gəlirlər əldə etmək imkanı verə bilər.
N.Talıblı
