Şahin Məmmədovun laqeyd yanaşdığı Qədirli kəndinə asfalt çəkilir  

Jurnalist-publisist Masallı rayon icra hakimiyyətinin başçısı Araz Əhmədova təşəkkür edib.

“Nəhayət “buz qırıldı”. Masallı rayon icra hakimiyyətinin yeni başçısı Araz Əhmədovun rəhbərliyi ilə minlərlə Qədirli, Xallıcallı, Dəlləkli kənd sakinlərinin arzusuna işıq tutaraq bu kəndlər arasındakı 5-6 kilometr məsafəlik yolların asfaltlanmasına start verilib. İllərlə həllini gözləyən ətalətli prosesi hərəkətləndirdiyinə görə, hörmətli Masallı rayon icra hakimiyyətinin başçısı, cənab Araz Əhmədova təşəkkür edirəm. Yaxşı işə yaxşı deyərlər.

Xatırladıram ki, 16 noyabr 2020-ci il tarixində rayonun o vaxtkı icra başçısı Şahin Məmmədova bu yolun təmiri ilə bağlı müraciət məktubu yazmışdım. Məktubumu respublika miqyaslı və dünyaca tanınan bir çox internet portalları tirajlamışdılar. Onların hamısına təşəkkür etsəm də, rayona yalnız imitasiv rəhbərlik edərək, burda ancaq öz mənafeyinə xidməti hər şeydən üstün tutan Şahin Məmmədov bu son dərəcə mədəni çalarlar üstündə yazılan (ifadə jurnalist dostlarıma məxsusdur – N.Z) müraciətə məhəl qoymamış, yenə də rayon mərkəzində bir neçə küçəni abadlaşdırılıb özünüreklamla işini bitmiş hesab etmişdi. Həmin müraciətdən bəzi nüansları xatırlatmalı olacam.

Məktubumda yalnız faktlara, reallığa söykənərək hər şeydən öncə bildirmişdim ki, 44 günlük Vətən savaşımızda 86 əsgərlə döyüşlərə qatılan Qədirli kəndinin asfalt yolu yoxdur. Fikrimcə, hər şeydən öncə ürəyində az-çox vətənpərvərlik nidası olan bir kimsə bu ən vacib nüansa biganə qalmamalı idi…

İkinci məqamda xüsusi olaraq  vurğulamışdım: “yol çəkmək, körpü salmaq kimsəsizə əl tutmaqdan da çox vacib və savab əməl sayılır. Mənim və bir sıra ziyalıların doğulub-ərsəyə çatdığı, indiki dönəmdə sizin rəhbərlik etdiyiniz Masallı rayonundakı Qədirli kəndinin bu mənada heç zaman bəxti gətirməyib. İstər SSRİ dövründə, istərsə də müstəqil Azərbaycan Respublikasında yaşadığımız 30 ilə yaxın bir zaman kəsiyində Masallı rayonuna rəhbərlik edən şəxslər bu 5 kilometrlik yolun çəkilişini müxtəlif bəhanələrlə daim arxa planda saxlayıblar. Yalnız bir neçə dəfə yola daş-çınqıl tökmək və malalatmaqla əslində bu problemi ört-basdır etməklə, elin dili ilə desək, elə “malalamaqla” məşğul olublar. Hər il və ya hər seçkidə əhaliyə vəd versələr də, sonradan bu vədlərinə xilaf çıxıblar. Yəqin artıq məlumatlısınız ki, 1200 nəfərdən ibarət bu kəndin əhalisi həmin yolu qət etmək – rayon mərkəzinə gedib-gəlmək, xəstələrini xəstəxanaya çatdırmaq üçün olmazın əzablara düçar olur. Rayon mərkəzindən, eləcə də ətraf kəndlərdən Qədirliyə gələn maşınlarsa insanları ikiqat qiymətə mənzil başına çatdırırlar, hansı ki, bu qədər məsrəflə rayondan paytaxt Bakıya gəlmək mümkündür. Asfaltsa bir tərəfdən qonşu Qarğalıq kəndinin Xallıcallı kəndi istiqamətdən çıxışı, digər tərəfdən qonşu Dəlləkli kəndinin giriş hissələrinə qədər döşənmişdir. Ortada yalnız bu 5-6 kilometrlik dairəvi məsafə qalır”.

Lakin kəndin “86 döyüşçüsünün olduğuna” biganə qalan sabiq icra başçısı Şahin Məmmədov məhz bu hissədə mənəvi dəyərlər və əhalinin yaşadığı əzab-əziyyətlər kontekstindəki yaşam tərzini ümumiyyətlə başa düşmək, dəyərləndirmək amacında olmadı… Sükunət, ətalət artıq heç nəyin baş verməyəcəyinə bir işarə oldu. Rayondan qeyri-rəsmi mənə çatdırıldığna görə, uzun illər icra başçısı postlarına sahiblənmiş Ş.Məmmədov ümumiyyətlə təklif, şikayətlənmə kimi müraciətlərə cavab verməyi belə artıq özünə sığışdırmırmış… Olsun, atalar demiş: “Dünyanın quyruğu uzundur…”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi ilə ölkəmizdə aparılan quruculuq işləri – “Regionların İnkişafına Dövlət Dəstəyi” proqramı çərçivəsində rayonların xeyli abadlaşdırılmasını, kəndlərin qazlaşdırmasını, yolların, o cümlədən vaxtilə xəyallarımızda yaşayan Ələt-Astara yolunun ən yüksək komfortla inşa olunaraq qısa zamanda insanların ixtiyarına verilməsini, bütövlükdə infrastrukturun yenilənməsini də icra başçısının diqqətinə çatdırmışdım. Qeyd etmişdim ki, “XXI əsrdə kimlərinsə laqeydliyi səbəbindən bütöv bir kəndin əhalisi acınacaqlı durumda – bu mədəniyyət, informasiya əsrinin adına yaraşmayan palçıqlı yollarla hərəkət etməkdədirlər. Hətta onların bir qisminin çətinliklə aldığı avtomobillər belə bu çala-çuxur yollara davam gətirməyib tez bir zamanda sıradan çıxır. Amma belə çətinliklərlə yaşayan Qədirli kəndinin gəncləri dövlət başçısının “Qarabağ Azərbaycandır!” çağırışına bir çoxu könüllü olmaqla 86 döyüşçü ilə dəstək verib, Vətən uğrunda aparılan döyüşlərdə iştirak edib. Bu döyüşçülərdən yeddi nəfəri yaralanıb nisbətən sağaldıqdan sonra yenidən döyüşlərə qatılmış və ölkəmizin Qarabağdakı parlaq qələbəsinə öz töhfələrini vermişlər. Mən özüm Birinci Qarabağ Savaşının döyüşçüləri – əslən İsmayıllı rayonundan olan itkin-şəhid Xəqani Əkbərov haqqında “Gözlər yoldan yığılarmı…” və Azərbaycanın Milli Qəhrəmanı, yüzlərlə xocalı sakininin xilaskarı, xocalılı şəhid Füzuli Rüstəmov haqqında “İgid ömrü” kitabların müəllifiyəm. Biz ziyalılar gözəl anlayırıq ki, “elin o başı-bu başı olmur”. Bu, bizlərə babalarımızdan qalan əmanət zərb-məsəllərdəndir. Qarabağ zəfərində Ali Baş Komandanın rəhbərliyi altında aparılan haqq cavaşımızda və qazanılan qələbəyə sevincimizdə yaranan böyük həmrəylik bu fikrin həqiqət olduğunu, xalqımızın təhtəlşüurunda yaşadığını bir daha isbatlamış oldu. Mən düşünürəm ki, siz də bizim kimi Vətənimizin hər qarışının, bütün bölgələrinin qorunmasında və abadlaşmasında və əgər dəqiq məlumatlısınızsa, Qədirli kənd camaatının və buraya müxtəlif tədbirlərə, eləcə də xeyir-şər mərasimlərinə təşrif buyuran qonaqların çəkdiyi əziyyətlərin və rayona başıaşağılıq gətirən geridəqalmışlığın da aradan qaldırılmasında maraqlısınız. Ona görə də əminəm ki, bu problemin həllini tapmasına öz töhfənizi vermiş olacaqsınız!”.

…Lakin bütün bunlar bizim düşündüklərimiz, bizim nəticəsiz müraciətlərimiz olaraq qaldı. Rayon əhalisinin sosial və fərdi qayğılarına biganə yanaşan sabiq icra başçısı müraciəti və burada sadalanan təkzibedilməz arqumentləri görməzdən gələrək öz “fəaliyyətini” davam etdirdi. Hətta bu müddət ərzində Azərbaycan Respublikasının aidiyyatı qurumlarının “Masallının 27 kəndinin yollarının asfaltlaşdırılması barədə” qərarları da Ş.Məmmədovu bu əbədiyaşayacaq xeyirxah təşəbbüsə həvəsləndirə bilmədi. Daha sonra əslən Qədirlidən olan digər həmkəndlilərim – şəhid Mirzağa Quliyevin atası Süleyman Quliyev və Sahib Eynalov da yolun asfaltlanması üçün müxtəlif instansiyalara müraciətlər etdilər, bir qrup kənd sakini isə icra başçısının vətəndaşlarla ümumi görüşü zamanı öz narahatlıqlarını diqqətə çatdırdılar. İllərlə yığılıb qalmış bütün şikayətlərə, təkliflərə, xahişlərə, məktublara, müraciətlərə müsbət cavabsa yalnız Masallı rayonunun indiki icra hakimiyyəti başçısı, hörmətli Araz Əhmədovdan gəldi. Təkcə cavab yox, həm də real nəticə!

Hörmətli Araz müəllimin kabinetindən baxmaqla deyil, özü bu kəndlərə ayaq basdıqdan, bütün şəhidlərimizin müqəddəs məzarlarını ziyarət etdikdən sonra Qədirli, Xallıcallı və Dəlləkli kəndlərini birləşdirən 5-6 km-ə qədər olan yolun xüsusi bir təşəbbüslə asfaltlaşdırılmasına başlanması bu kəndlərin camaatının ovqatında öz yollarını daha tənəsiz, rahat gedə biləcəklərinə bir ümid işığı, nikbinlik yaradıb. Onların böyük bir qismi də bu nəcib əməlin bir təşəkkür borcu kimi dəyərləndirilməsində məndən vəsilə olmağımı istədilər.

Hörmətli Araz müəllim!

Bir daha vurğulayıram ki, Sizin də bildiyiniz kimi,  YOL ən böyük mədəniyyət hesab olunur. Yol başlamaq, cığır açmaq xalqımızın tarixində ən müqəddəs əməllərdən sayılıb. Yollar, körpülər bizləri birləşdirir, yollar gələcəyə, gözəl günlərə aparır. Yollar həm də zülmətləri yarır, aydınlatmaya, işıqlığa çıxarır. Sizə insanların qəlbində və həyatında illərin arzusunu doğrultduğunuza görə kəndlərimizin tərəqqipərvər insanları adından və şəxsən öz adımdan bir daha təşəkkür edirəm. Müqəddəs missiyanızın uğurla sonuclanması arzusu ilə

Hörmətlə Nəzirməmməd Zöhrablı (Nəzirməmməd Cankişi oğlu Quliyev)

Jurnalist-publisist

19.02.2023

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.