ABŞ hökuməti bütün vətəndaşlarını, o cümlədən jurnalistləri Rusiyanı tərk etməyə çağırıb.
Azpost.info xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Con Kirbi bildirib.
“Hazırda amerikalıların Rusiyada qalmaq vaxtı deyil. Əgər siz hazırda Rusiyadasınızsa, ölkəni tərk etməlisiniz. Jurnalist işləsəniz belə, Rusiya qalmaq üçün ən yaxşı yer deyil. Bu ölkə indi ABŞ vətəndaşları üçün düşmən mühitə çevrilib. Əgər oradasınızsa, artıq getməyin vaxtıdır”, – Kirbi deyib.
ABŞ hökumətinin məlum müraciəti “The Wall Street Journal”ın Rusiyadakı müxbiri Evan Qerşkoviçin həbsi ilə bağlıdır. Qerşkoviç martın 30-da Rusiyada casusluq ittihamı ilə həbs olunub.
Azpost.info