Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərində namizədlə iştirak etməyəcək.
Bu barədə Azpost.info-ya partiyanın sədri Mirmahmud Mirəlioğlu deyib.
KXCP rəhbəri bildirib ki, ötən həftənin son günü partiyanın seçkilərlə bağlı növbədənkənar qurultayı keçirilib: “Növbədənkənar qurultayımızda qərar qəbul olundu ki, KXCP seçkilərdə iştirak etməsin. Ona görə də seçkilərdə namizədimiz olmayacaq”.
Buna səbəb kimi, M.Mirəlioğlu seçkilərə az vaxtın qalmasını göstərib: “Hələ növbədənkənar qurultaydan əvvəl KXCP İdarə Heyətinin yığıncağı oldu, qərarların icra vəziyyəti, ictimai-siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər müzakirə edildi. Həmin yığıncaqda da növbədənkənar prezident seçkilərində partiyanın öz namizədi ilə iştirakını ətraflı müzakirə oldundu. İdarə Heyəti seçkiyə ayrılmış müddətin az olmasını əsas gətirərək seçkilərə namizədlə qatılmağı qeyri-məqbul hesab etdi. Növbədənkənar qurultayda da anoloji qərar verildi”.
Qeyd edək ki, Azərbaycanda gələn il fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək. Hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən hazırkı Prezident İlham Əliyevin namizədliyi irəli sürülüb. Bununla yanaşı, Sosial Tədqiqatlar Mərkəzinin (STM) rəhbəri, deputat Zahid Orucun, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyevin, Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayevin, Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafanın, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayevin, keçmiş Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin, sabiq maliyyə naziri Fikrət Yusifocun və politoloq Ərəstun Oruclunun namizədliyi irəli sürülüb.
Anar ABDULLA