Avropa ölkələri yanacağın qiymət artımının qarşısını almaq məqsədilə üç ay ərzində strateji ehtiyatlarından 42 milyon barel neft və neft məhsulunu bazara çıxarmağı planlaşdırır. Bu həcmin təxminən yarısı dizel yanacağının payına düşəcək.
Bu barədə Fransanın iqtisadiyyat naziri Roland Leskür Lüksemburqda Avropa İttifaqının energetika nazirlərinin görüşündən əvvəl açıqlama verib.
Xəbəri Bloomberg agentliyi məlumat yayıb.
Qərar İran ətrafında müharibə, təchizatın pozulması və neft məhsullarının əlçatanlığının azalması nəticəsində dünya enerji bazarında yaranmış gərginlik fonunda qəbul edilir. Vəziyyət xüsusilə dizel yanacağı bazarına ciddi təsir göstərir.
Leskürün sözlərinə görə, Fransa artıq strateji ehtiyatlarından 10 milyon barel dizel yanacağının bazara çıxarılacağını elan edib. Gözlənilir ki, bu həcmlər yaxın günlərdə satışa təqdim olunacaq. Qiymətlərə ilk təsirlərin isə artıq gələn həftə hiss ediləcəyi ehtimal olunur.
Nazir bildirib ki, yanacaq maya dəyərinə satılacaq. Onun qiymətləndirməsinə görə, bu addım bir litr yanacağın qiymətini 12–18 avrosent aşağı sala bilər.
Avropa İttifaqına üzv ölkələrin energetika nazirləri 2026–2027-ci illərin qış mövsümü ərəfəsində enerji təhlükəsizliyini müzakirə etmək üçün oktyabrın 29-da Lüksemburqda toplaşıblar.
Görüşün gündəliyinə dizel yanacağının sabit təchizatı və Avropanın neft emalı müəssisələrinin uzunmüddətli dayanıqlığı məsələləri də daxil edilib.
Bundan əvvəl “Böyük yeddilik” ölkələri beynəlxalq səviyyədə enerji bazarını sabitləşdirmək məqsədilə strateji ehtiyatlardan 100 milyon barelədək neft və neft məhsulunun bazara çıxarılması barədə razılığa gəliblər. Təchizatın koordinasiyasını Beynəlxalq Enerji Agentliyi həyata keçirir.
Bununla belə, Avropa rəsmiləri enerji təchizatı ilə bağlı risklərin hələ də qaldığını bildirirlər. Avropa Komissiyasının məlumatına görə, dizel yanacağı və aviasiya kerosininin əlçatanlığı məhdud olaraq qalır. Lakin hazırda Avropada bu məhsullar üzrə fiziki qıtlıq müşahidə edilmir.
