BMT Təhlükəsizlik Şurası göyərtəsində ukraynalı hərbi əsirlərin də olduğu Rusiyanın İl-76 hərbi təyyarəsinin vurulması ilə bağlı iclas keçirib.
Azpost.info xəbər verir ki, iclasda məsələ ilə bağlı Rusiyanın təşkilatdakı daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski çıxış edib.
Polyanskinin sözlərinə görə, Rusiya qəzaya görə məsuliyyət daşıyanların layiq olduqları cəzanı alması üçün hər cür səy göstərəcək. O qeyd edib ki, insidentlə bağlı bütün məlumatlar düşünülmüş cinayətdən xəbər verir.
Polyanski əlavə edib ki, Ukrayna rəhbərliyi əvvəlcədən razılaşdırılmış mübadilə yerinə əsirlərin daşınmasının marşrutu və üsulunu mükəmməl bilirdi.
“Faciəyə görə Kiyevin Qərb sponsorları da məsuliyyət daşıyır. Ukrayna Silahlı Qüvvələrinin “Patriot” və ya İRİS-T hava hücumundan müdafiə sistemlərindən istifadə etdiyi ortaya çıxarsa, ABŞ və Almaniyanı cinayət ortağı adlandırmaq olar”, – Polyanski bildirib.
Azpost.info