ABŞ hesab edir ki, İran aprelin 14-ü səhər saatlarında İsrail ərazisinə hücum edə bilər.
Azpost.info bildirir ki, bu barədə “Əl-Cəzirə” amerikalı rəsmiyə istinadən xəbər verir.
Kanal iddia edir ki, ABŞ İranın İsrailə genişmiqyaslı hücumundan qorxur. “Biz İsrailə qarşı genişmiqyaslı hücum ehtimalından dərin narahatıq. İranın sabah, bazar günü səhər tezdən İsrailə hücum edəcəyi ehtimalı yüksəkdir”- deyə rəsmi şəxs bildirib.
İsrail mediası İsrailin baş naziri Binyamin Netanyahu təcili olaraq Baş Qərargaha gedib. Yaxın saatlarda Nazirlər Kabinetinin təhlükəsizlik məsələləri ilə bağlı təcili iclası keçiriləcək.
İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Hagari hava hücumundan müdafiə sistemlərinin tam hazırlıq vəziyyətində olduğunu açıqlayıb. Onun bəyanatı Daxili İşlər Nazirliyinin İranın hücumu ehtimalı ilə əlaqədar ictimaiyyətə yenilənmiş təlimatı yayması zamanı verilib. O, həmçinin onlarla təyyarənin səmada tam hazır vəziyyətdə olduğunu bildirib.
Xarici işlər naziri İsrael Katz sabaha planlaşdırılan Macarıstan və Avstriya səfərini təxirə salıb. Bütün israilli siyasətçilərə İsraildə qalmaq və xaricə səfərlərini ləğv etmək əmri verilib.
İsraildə sabahkı bütün dərslər ləğv edilib. Kütləvi toplantılara məhdudiyyətlər tətbiq edilir. Şəhərlərdə ictimai bomba sığınacaqları açılmağa başlayıb.
Müdafiə naziri Yoav Qalant Baş Qərargah rəisi Herzi HaLevi və digər yüksək səviyyəli müdafiə rəsmiləri ilə əməliyyat görüşü keçirib.