“Ailələrə Sosial Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “Ailələrin sosial müdafiəsi tədbirləri” layihəsi avqustun 1-dən fəaliyyətə başlayıb.
Birliyinin sədri, layihənin rəhbəri Esmira Rəhimova bildirib k, layihə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunur: “Layihənin icrası Quba rayonunda keçiriləcək. Bu regionun seçilməsində əsas səbəb rayonda təhsildən yayınma halları yaranmaması və qızlarımızın təhsil alaraq peşəyə yiyələnməsinin, təhsil hüquqlarının təbliğ edilməsidir. Layihənin məqsədi qızlar arasında təhsilə və elmə maraq yaratmaq, xaricdə təhsil, gələcəyin ixtisasları, bu günün prioritet peşələri, texniki ixtisaslar haqqında təbliğat işləri aparmaq və bu istiqamətdə biliklərini artırmaqla gənc qızların təhsilinə dəstək olmaq, onları gələcək həyatlarında təhsilin əhəmiyyəti haqqında maarifləndirməkdən ibarətdir. Bu gün qızların təhsilinə diqqətin artırılması çox zəruridir. Valideynlər qızların təhsil almaq hüququnu müdafiə etməlidirlər. Qızlar üçün ancaq ev,tikmə,naxış,mətbəx işlərinin daha vacib olduğunu üstün sayanlara da nümunə olmalıdırlar. Qızların təhsil alıb peşəyə yiyələnməsi çox vacibdir. Cəmiyyətin aparıcı qüvvəsi sayılan qadınların savadlı olmasının həm cəmiyyətin, həm də ailənin inkişafında böyük rolu var. Qızların təhsildən yayınmasının bir başqa səbəbi də erkən nikaha üstünlük verilməsidir. Çox acınacaqlı bir haldır ki, bu gün yuxarı sinif şagirdləri arasında dərsə gələn şagirdlərin əksəriyyətini oğlanlar təşkil edir. Bu təbii daha çox regionlarda rast gəlinən bir haldır”.
QHT sədri həmçinin bildirib ki, qızlar birmənalı olaraq ailə qurması üçün “hazırlanır” və yaxud gələcək nişanlısı artıq ona dərsə davam edib, ictimaiyyət içinə çıxmağa qadağa qoyur: “Bu halın özü gələcəkdə qadının kişidən asılı hala düşüb, onun köləsinə çevrilməsinə yol açır. Savadı olmayan bir qadının ailə dəyərlərini bilməsi və bu dəyərlərlə ailəsini qoruması da mümkün deyil. Qızlarımızın elmə yiyələnməsini əngəlləmək deyil, dəstəkləmək, hətta onları təhsil almağa həvəsləndirmək lazımdır. Bu günün qızları sabahın analarıdır. Hər bir qadın ilk növbədə həm də anadır. Təbii ki, qadının ailə ocağındakı ən başlıca vəzifəsi uşaqları düzgün tərbiyə edib, düzgün yetişdirməsidir. Gəlin birlikdə təhsilli qadınla, təhsilsiz qadın arasındakı fərqi müqayisə edək. “Uşaqlarınızı tərbiyə edin və elm öyrədin” şüarını əsas götürərək, bunu hansı şərtlər daxilində, hansı qadın daha yaxşı bacara bilər? Uşaqların tərbiyə edilməsində qadın ən bacarıqlı tərbiyəçi hesab olunur. Məhz elə bu baxımdan qadınların elm və biliyə sahib olmalarının nə dərəcədə vacib bir amil olduğunu hər kəs dərk etməlidir. Bilirik ki, uşaqların tərbiyəsi lap kiçik yaşlarından başlayır. Təhsilli, savadlı bir qadın, ana doğru-dürüst övladlar yetişdirməkdə təbii ki, digərindən fərqlənəcək,üstün olacaq. Hələ təhsil almış və cəmiyyətdə öz yerini tutmuş qadın övladını gələcək üçün, mükəmməl bir şəxsiyyət kimi yetişdirməkdə daha bacarıqlı olacaq”.
Esmira Rəhimovanın sözləriə görə, problemin həlli üçün təklif olunan fəaliyyələr yeniyetmələrin təhsil hüquqlarının ailədə və cəmiyyətdə müdafiəsinin, qızların fərdi inkişafında təhsilin əhəmiyyətinin, təhsilin yeniyetmələr üçün bərabər hüquq və imkanlar yaratmasının aşılanmasından ibarətdir. Yeniyetmə qızların təhsil hüquqları barədə məlumatlanaraq erkən nikahın zərərləri və onun fəsadları haqqında maariflənmə işlərinin genişlənməsi, yeniyetmələrin potensial imkanlarının üzə çıxarılması da fəaliyyətlərdəndir: “Layihənin icrası qızlarımız təhsil almanın cəmiyyətdə öz yerlərini tutmalarına, erkən yaşda nikahların qarşısının alınmasına və azyaşlı uşaqların ölümlərinin azalmasına, təhsilli yeniyetmələrin məşğulluqlarının təmin olunmasına, sosial və iqtisadi həyatlarının inkişafına şərait yaradacağına səbəb olacaq”.
Qeyd edək ki, layihənin icra müddəti 3 aydır. Bu aylar ərzində Quba rayonunda tədbirlərin keçirilməsi nəzərdə tutulur. Layihə çərçivəsində əldə olunacaq bütün nəticələr sosial media hesabları üzərindən ictimaiyyətin diqqətinə çatdırılacaqdır.

