Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxana binasının tikintisi ilə tanış olub.
Səhiyyə naziri Anar Bayramov dövlətimizin başçısına inşaat işlərinin gedişi ilə bağlı məlumat verdi.
Bildirildi ki, ümumi sahəsi 6 hektardan çox olan ərazidə xəstəxana kompleksinin əsas binası, əlavə korpuslar, həmçinin yardımçı tikili və qurğular inşa edilir. Xəstəxana kompleksində inzibati bölmə, qəbul və təcili tibbi yardım, terapiya, kardiologiya, cərrahiyyə, travmatologiya-ortopediya, ürək-damar, oftalmologiya, LOR, pediatriya və digər şöbələr fəaliyyət göstərəcək. Burada, həmçinin funksional və uşaq poliklinikaları, klinik diaqnostika laboratoriyası, şüa-diaqnostika, hemodializ, fizioterapiya və tibbi bərpa şöbələrinin yaradılması nəzərdə tutulur. Xəstəxana müasir standartlara cavab verən tibbi avadanlıqla təchiz ediləcək.

