Heydər Əliyev 22 il əvvəl “Hamlet” tamaşasında –Prezident Fuad Poladova nə deyib? /VİDEO

22 il əvvəl -2002-ci il dekabrın dekabrın 7-də Azərbaycan Akademik Milli Dram Teatrında məşhur ingilis dramaturqu Uilyam Şekspirin “Hamlet” faciəsinin yeni quruluşda ilk tamaşası göstərilib. 

Azpost.info bildirir ki, Azərbaycan Prezidenti Heydər Əliyev tamaşaya baxmaq üçün teatra gəlib.

Mərhum prezidentin qızı Sevil Əliyeva Heydər Əliyevlə aktyorların tamaşadan sonrakı görüşünü əs etdirən görüntüləri paylaşıb.

Qeyd edək ki, xalq artisti, rejissor Azər Paşa Nemətin quruluşunda hazırlanmış tamaşada Hamlet rolunu xalq artisti Fuad Poladov oynayıb. Digər əsas rollarda xalq artistləri Səyavuş Aslan, Yaşar Nuri, Rafael Dadaşov, Sənubər İsgəndərli, Bürcəli Əsgərov və başqaları çıxış edib. Tamaşanın rəssamları əməkdar incəsənət xadimi , mərhum Elçin Məmmədov və əməkdar rəssam Nazim Bəykişiyev, bəstəkarı əməkdar incəsənət xadimi Səyavuş Kərimidir.

 

Heydər Əliyevin Hamlet rolunun ifaçısı Fuad Poladov haqqında söylədikləri maraqlıdır. 

Prezident deyir ki, tamaşanın bütün ağırlığı, təbiidir ki, Hamlet rolunun ifaçısının üzərinə düşüb: “Fuad Poladovu mən 1970-ci illərdən yaxşı tanıyıram. Elə bu səhnədə çox gözəl rollar ifa edirdi. Çox məmnunam ki, yenə də bu səhnədədir və deyə bilərəm ki, bu rolu çox məharətlə oynadı. Fuad, mən səni təbrik edirəm. Çünki, bu dörd saatın, demək olar ki, xeyli hissəsini Hamletin monoloqları, danışıqları təşkil edir. Şekspir əsəri belə yaradıb, başqa cür etmək olmaz. Ancaq kim bu rolu ifa etmək istəyirsə, bu ağırlıq onun üzərinə düşür. Kim bu ağırlığı necə daşıyırsa, o, başqa məsələdir, bu fərqlidir.

Mən hesab edirəm ki, bu gün Fuad Poladov Azərbaycan teatrında Hamlet rolunu çox məharətlə ifa etdi. Yenə də deyirəm, mən səni təbrik edirəm. Güman edirəm ki, gələcəkdə də klassik əsərlərdə belə rolları ifa etməkdə davam edəcəksən. Bu, çox faydalıdır, cəmiyyət üçün faydalıdır. Hər bir rolu ifa etməyin çətinliyi var. Amma belə rolu ifa etmək, təbiidir ki, aktyordan böyük istedad, məharət, bilik tələb edir. Çünki ifa etdiyin surətin daxili aləmini dərk edə bilməsən, əsərin fəlsəfəsini duya bilməsən, əlbəttə ki, bu rolu oynamaq mümkün deyildir. Bunların hamısını biz bu gün gördük.

Bu pyes belədir ki, burada bir rol hamısından fərqlənir. Ona görə də başqa rolu Fuadın ifası ilə müqayisə etmək mümkün deyildir”.

“Fuad özü hələ cavandır. Doğrudan, mən səni çoxdandır ki, görmürəm, dəyişilməmisən. Özünü yaxşı saxlamısan. Çoxdandır, gör nə vaxt idi, mən səni 1970-ci illərdə səhnədə görmüşəm. 20 ildir, 20 ildən də çoxdur… Amma bu 20 ildə heç dəyişilməmisən. O vaxtkı kimisən”.

Daha sonra Heydər Əliyev özünün də teatr tamaşalarında rol aldığını deyir:  “Mən özüm teatr həvəskarı olmuşam, lap gənc vaxtımda Naxçıvanda dram dərnəyində mən də çıxışlar etmişəm. Miribrahim Həmzəyev bizim dram dərnəyinin rəhbəri idi. Sonra burada, Bakida, Azərbaycan Sənaye İnstitutunda oxuyanda da bizim dram dərnəyimiz vardı. Mən orada da çıxış etmişəm. Hətta bir dəfə “Hamlet”dən bir pərdə hazırlamışdılar, mən də özüm bacardığım kimi çıxış etdim. Yəni bilirəm ki, bu artistlər xüsusi məxluqdur. Onların işinə qarışmaq olmaz. Onları gərək başlı-başına buraxasan. Nə edirlərsə, qoy etsinlər. Bu teatrdan çıxıb başqa teatra gedirlər. Bu, sizin öz işinizdir”.

 

“Xeyli vaxt idi ki, teatra gəlmək ya mümkün deyildi, yaxud da ki, siz çağırmırdınız. Hər halda, mən sizin teatrı həmişə sevmişəm, tamaşalara gəlmişəm. “Hamlet” tamaşasının göstəriləcəyini eşitdim, maraqlandım. Dedilər ki, tamaşa çox yaxşı hazırlanıbdır. Yaxşı quruluşu var, yaxşı ifa edirlər. Təbiidir ki, bu, Azərbaycanın teatr həyatında, mədəni həyatında böyük hadisədir. Çünki klassiklərin əsərləri həmişə yaşayır. Daim yaşayan əsərlər var. Əsərlər var ki, müəyyən dövrə həsr olunub, ancaq o dövrdə yaşayır, yaşaya bilir. Klassiklərin əsərləri isə həmişə yaşayır. Xüsusilə Şekspir yaradıcılığı, onun əsərləri…”-deyə Prezident vurğulayır.

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.