ABŞ Meksikaya zərbə endirə biləcəyi barədə xəbərdarlıq edib
Pentaqon Meksikaya xəbərdarlıq edib.
AzPost “WSJ“-yə istinaadən bildirir ki, Pentaqon rəhbəri Pit Heqset xəbərdarlıq edib ki, Meksika özünün narkotik kartellərinə və qaçaqmalçılığa qarşı tədbir tökməsə , ABŞ ordusu tədbir görməyə hazırdır.
Nəşrin məlumatına görə, Heqset bu barədə Meksika təhlükəsizlik xidmətinin yüksək rütbəli rəsmiləri ilə görüşü zamanı bildirib. O, narkotik kartellərinin fəaliyyətini və sərhəddən qaçaqmalçılığı dayandırmağa çağırıb.
Rəsmilər bu cür sözlərdən şoka düşüblər. Belə təəssürat yaranıb ki, Pentaqon rəhbərinin bəyanatında ABŞ-ın Meksikaya hərbi zərbələri nəzərdə tutulur.
Xatırladaq ki, ötən ay, Meksika ABŞ ilə sərhəddə Milli Qvardiya bölmələrini yerləşdirəcəyini bəyan edib.
Bunu Meksika lideri Klaudiya Şeynbaum gündəlik mətbuat konfransında deyib.
“Meksikanın milli müdafiə naziri Rikardo Trevilya Trexo artıq ABŞ ilə sərhəddə Milli Qvardiya bölmələrinin yerləşdirilməsi planını hazırlayır”, – Prezident bildirib.
Şeynbaum əlavə edib ki, qoşunların sərhəd bölgələrinə göndərilməsi Meksikanın maraqlarına cavab verir.
Onun sözlərinə görə, bu, digər məsələlərlə yanaşı, ABŞ-dən silah qaçaqmalçılığı ilə mübarizəyə kömək edəcək.
Qeyd edək ki, Meksika ABŞ ilə əldə olunan razılaşmalar çərçivəsində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısını almaq üçün sərhədə Milli Qvardiyanın on min zabitini göndərəcək.