Ukrayna müharibəni dayandırmaq üçün aparılan danışıqlarda tərəfdaşları ilə ərazi bütövlüyü məsələsini müzakirə etmir. Bu, Ukrayna Konstitusiyasına ziddir.
AZƏRTAC xəbər verir ki, bunu telemarafonun yayımında Ukrayna Prezident Ofisi Aparatının rəhbərinin müşaviri Sergey Leşşenko söyləyib.
“İstər Səudiyyə Ərəbistanında, istərsə də Fransada keçirilən görüşlərdə iştirak edən bütün tərəflər açıq şəkildə deyirlər ki, Ukraynanın ərazi bütövlüyü məsələsi ümumiyyətlə müzakirə olunmur. Hətta, Ukrayna Konstitusiyasında da çoxlu qadağalar və məhdudiyyətlər var”, – deyə Leşşenko vurğulayıb.
Onun sözlərinə görə, oxşar şayiələr 10 il əvvəl də yayılıb. Xüsusilə, Donald Tramp da bu məsələ ilə bağlı çıxış edib.
“O vaxt, 2016-cı ilin yayında Tramp ilk prezidentlik müddətindən əvvəl də Krım sakinlərinin çoxunun Rusiyanın yanında olmaq istədiklərini demişdi. Bu bəyanatlar 10 il əvvəl mütəmadi olaraq eşidilirdi”, – deyə Leşşenko qeyd edib.
O bildirib ki, Trampın siyasi bəyanatları onun siyasətinin bir hissəsidir. Hətta onlar mediada yayılsa belə, bu o demək deyil ki, həyata keçiriləcək.
Xatırladaq ki, “Bloomberg” mənbələrə istinadla ABŞ-ın Krımın ilhaqını tanımaq barədə düşünə biləcəyini yazmışdı. Eyni zamanda, “The Wall Street Journal” daha sonra yazıb ki, Vaşinqton Kiyevin müvəqqəti işğal olunmuş Ukrayna yarımadası ilə bağlı bu cür fikirlərə reaksiyasını gözləyir.