Avropa
ABŞ Milad və Yeni il bayramları ərəfəsində Avropa ölkələrində mümkün terror hücumları ilə bağlı xəbərdarlıqlar yayıb. Müvafiq bildirişlər ABŞ-ın Moldova, Almaniya, Böyük Britaniya və İspaniya da daxil olmaqla bir sıra Avropa ölkələrindəki diplomatik nümayəndəlikləri tərəfindən dərc edilib.
Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Xəbərdarlıqlar noyabrın 16-da yayılıb və əsasən Avropada yaşayan və ya bu ölkələrə səfər etməyi planlaşdıran ABŞ vətəndaşlarına ünvanlanıb. Amerikalı diplomatlar kütləvi tədbirlərin və turistlərin sıx olduğu məkanların terror təşkilatları və cinayətkarların hədəfinə çevrilə biləcəyini bildiriblər.
Mümkün hücum riski olan yerlər sırasında Milad yarmarkaları, ticarət mərkəzləri, nəqliyyat qovşaqları, dini ibadət məkanları və digər ictimai yerlər göstərilib. Xüsusilə çoxsaylı insanın iştirak etdiyi bayram festivalları və tədbirlər zamanı təhlükəsizlik qaydalarına diqqət yetirilməsi tövsiyə olunub.
Diplomatik nümayəndəliklər hücumların təkcə mütəşəkkil terror qruplaşmaları deyil, ayrı-ayrı şəxslər tərəfindən də həyata keçirilə biləcəyini vurğulayıblar. Belə hücumlar hazırlıq mərhələsində demək olar ki, heç bir əlamət olmadan baş verə bilər. Bu isə təhlükəyə vaxtında reaksiya verməyi çətinləşdirir.
Noyabrın 16-da ABŞ-ın Kişinyovdakı səfirliyi də ayrıca xəbərdarlıq yayıb. Moldova ərazisində olan ABŞ vətəndaşlarına ətrafdakı vəziyyəti diqqətlə izləmək, şəxsi təhlükəsizlik tədbirlərinə əməl etmək və insanların sıx toplaşdığı məkanlarda daha ehtiyatlı olmaq tövsiyə edilib.
Bununla belə, diplomatik nümayəndəliklərin yaydığı bildirişlərdə konkret terror aktının hazırlanması, hücumun dəqiq tarixi və ya müəyyən hədəf barədə məlumat yoxdur. Söhbət bayram günlərində insanların sıx toplaşması ilə əlaqədar qabaqlayıcı təhlükəsizlik xəbərdarlıqlarından gedir. Bu, sadalanan ölkələrin hər birində bilavasitə terror təhlükəsinin elan edilməsi demək deyil.
Amerikalı diplomatlar mümkün terror hücumları ilə yanaşı, Avropada nəqliyyat əlaqələrində yarana biləcək problemlərə də diqqət çəkiblər. Noyabr ayında bir neçə Avropa ölkəsində mülki aviasiya obyektlərinin minalanması ilə bağlı yalan məlumatlar yayılıb. Bu xəbərlər hava nəqliyyatının işində fasilələrə səbəb olub.
Mümkün çətinliklərin digər səbəbləri kimi son aylarda artan tətillər və etiraz aksiyaları göstərilib. ABŞ vətəndaşlarına yerli xəbərləri mütəmadi izləmək, nəqliyyat cədvəllərindəki dəyişiklikləri yoxlamaq, polis və fövqəladə hallar xidmətlərinin göstərişlərinə əməl etmək tövsiyə olunub.
ABŞ vətəndaşlarına, həmçinin Smart Traveler Enrollment Program (STEP) proqramında qeydiyyatdan keçmək təklif edilib. Bu sistem xaricə səfər edən amerikalıların ABŞ diplomatik nümayəndəliklərindən təhlükəsizliklə bağlı aktual məlumatlar almasına imkan verir.
Milad tədbirlərinin təhlükəsizliyinə xüsusi diqqət yetirilməsi Avropada əvvəllər baş vermiş hücumlarla da əlaqələndirilir. Ən məşhur hadisələrdən biri 2016-cı ilin dekabrında Berlində Milad yarmarkasına edilən terror hücumudur. Həmin vaxt yük maşını insanların üzərinə sürülmüş, nəticədə 12 nəfər həlak olmuşdu.
