Azərbaycan kənd təsərrüfatında torpaq sahələrinin kiçik olması fermer gəlirlərini məhdudlaşdırır.
Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov parlamentdə çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, hazırda ölkədə bir fermerin payına orta hesabla 1,7 hektar torpaq düşür və bu sahə ilə ailəni ilboyu təmin etmək mümkün deyil: “1,7 hektar torpaqla stabil gəlir götürmək real deyil. Hesablamalar göstərir ki, fermerin illik minimum gəlir əldə etməsi üçün orta hesabla 9 hektar torpaq sahəsinə ehtiyac var”, — deyə Məmmədov bildirib.
Nazir qeyd edib ki, xırda torpaq sahələri kənd təsərrüfatında gəlirliliyi aşağı salır və fermerləri alternativ məşğulluq sahələrinə yönəldir. Bu səbəbdən nazirliyin əsas prioriteti məhsuldarlığın artırılması və əlavə dəyər yaradan bitkilərin əkini ilə torpaq sahələrinin səmərəli istifadəsini təmin etməkdir.
Onun sözlərinə görə, son illərdə dənli bitkilərin payı azalıb, meyvəçilik sahəsinə üstünlük verilib. Beş il ərzində meyvə bağlarının sahəsi 30 mindən 40 min hektara yüksəlib. Məcnun Məmmədov həmçinin vurğulayıb ki, kənd əhalisinin yalnız əkinçiliklə məşğul olması yanaşmasından uzaqlaşmaq lazımdır. Onun fikrincə, regionlarda sənaye, logistika və turizm kimi sahələr üzrə yeni iş imkanları yaradılmalıdır.
Fermerlərin bazara çıxışında kooperativləşmənin əhəmiyyətini önə çəkən nazir bildirib ki, birləşmə məhsulun toplanmasını və satışını daha səmərəli edir. Dövlət isə bu istiqamətdə logistika mərkəzləri, saxlanc və soyuducu depoların yaradılmasını davam etdirəcək.
Nazir əlavə edib ki, işçi başına məhsuldarlıq göstəricilərinə görə Azərbaycan həm Türkiyə, həm də Ermənistanı qabaqlayır, lakin ölkənin daha böyük inkişaf potensialı var. Hazırda aqrar sektorda bir işçi ildə 2 600 dollar dəyər yaradır, halbuki inkişaf etmiş aqrar ölkələrdə bu göstərici 80–90 min dollar arasındadır. /Anews/