Qara dəniz ticarət gəmiçiliyi üçün dünyanın ən ölümcül dənizinə çevrilib.
Financial Times qəzetinin dəniz təhlükəsizliyi üzrə ixtisaslaşmış Ambrey şirkətinin və Beynəlxalq Dəniz Təşkilatının məlumatlarına istinadən yazdığına görə, 2026-cı ilin əvvəlindən bəri burada gəmilərə 570-dən çox hücum olub, nəticədə azı 40 dənizçi həyatını itirib.
Vəziyyət xüsusilə yay aylarında kəskin pisləşib. İyul-sentyabr aylarında 387 gəmi hücuma məruz qalıb. Bu, əvvəlki rüblə müqayisədə beş dəfədən çoxdur. Gəmilərin bir qismi limanların atəşə tutulması zamanı zərər görüb. Üçüncü rübdə Qara dənizdə hər gün orta hesabla dörd dəfədən çox gəmi hücuma məruz qalıb. Ambrey şirkətinin qiymətləndirməsinə görə, son 45 gündə bu cür hücumların təxminən 90 faizini Rusiya həyata keçirib.
Taxıl və neft tədarükü baxımından mühüm əhəmiyyət daşıyan Qara dəniz regionu Fars körfəzindən daha təhlükəli olub. Burada gəmilərə hücumların sayı altı dəfədən çoxdur. Hörmüz boğazı ərazisində isə eyni dövrdə 24 dənizçi həlak olub.
Qara dənizdə son hücumlardan birində Ukrayna və Azərbaycan vətəndaşlarından ibarət heyəti olan Khoryv quru yük gəmisi zərər görüb. Oktyabrın 23-də Rumıniya sahilləri yaxınlığında gəmidə yanğın baş verib, daha sonra gəmi batıb. Bir dənizçi həlak olub, daha üç nəfər itkin düşmüş hesab edilir. Rumıniya prezidenti Rusiyanın gəmiyə pilotsuz uçuş aparatı ilə zərbə endirdiyini bildirib.
Oktyabrın 6-da Bolqarıstan sahilləri yaxınlığında Alfa Watan quru yük gəmisi batıb. On dənizçi itkin düşüb. Oktyabrın 13-də isə Bolqarıstanın müstəsna iqtisadi zonasında pilotsuz uçuş aparatının hücumundan sonra HS Dignity gəmisi batıb. Daha 11 nəfər itkin düşüb.
Able və Chelsea-3 quru yük gəmiləri də zədələnib. Oktyabrın 15-də Rumıniya sahilləri yaxınlığında Wine Trader və Yara J tankerlərində yanğın baş verib. Mənbədə Wide Trader kimi qeyd olunan gəminin yeddi dənizçisi itkin düşüb.
Ambrey şirkətinin baş analitiki Tomaş Aleksanın sözlərinə görə, hücumlar Ukrayna taxılı daşıyan gəmilərə qarşı həyata keçirilir. Bolqarıstanın gəmiçilik agentliyinin sahibi Todor Georgiyev isə Qara dənizin ticarət donanması üçün “ölü zonaya” çevrilə biləcəyi barədə xəbərdarlıq edib.
Ukrayna limanlarında gəmi hərəkəti kəskin azalıb
Təhlükənin artması artıq Ukrayna limanlarında gəmiçiliyin azalmasına səbəb olub. TIS operatorunun məlumatına görə, sentyabrda Böyük Odessa limanları 10-dan az gəmi qəbul edib. Halbuki iyulda bu göstərici təxminən 400 olub.
Ukraynanın Aqrar Siyasət və Ərzaq Nazirliyi avqustda kənd təsərrüfatı məhsullarının dəniz yolu ilə ixracının 1,4 milyon tona düşdüyünü açıqlayıb. Bu, müharibədən əvvəlki səviyyə ilə müqayisədə təxminən 75 faiz azdır.
Eyni ay Rusiya taxılının Qara və Azov dənizləri limanlarından daşınması da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə altı dəfə azalıb.
Financial Times yazır ki, gəmiçilik şirkətləri hazırda Rumıniya sahillərində yerləşən Sulina lövbər dayanacağında həyata keçirilən ticarət əməliyyatlarını yenidən nəzərdən keçirirlər.
Hücumlar səbəbindən Qara dənizdə müharibə risklərinin sığortası gəminin gövdəsinin dəyərinin 15 faizinə çata bilər. Bu, Fars körfəzi ilə müqayisədə təxminən iki dəfə baha başa gəlir.
Nəticədə bəzi daşıyıcılar regionda işləməkdən imtina edir, digərləri isə xərcləri azaltmaq üçün daha köhnə gəmilərdən istifadə edirlər. Onların bəzilərinin yaşı 50 ilə çatır, texniki vəziyyəti isə qənaətbəxş hesab edilmir.
N.Talıblı
