Bank reklamlarından narazılıq –“Vəd edilənlə reallıq arasında uçurum var"

Reklamlarla bağlı qaydalar dəyişir
Reklamlarla bağlı qaydalar dəyişir

Son dövrlər bankların kredit reklamları və şərtləri cəmiyyətdə ciddi narazılıq doğurur.

AzPost xəbər verir ki, bir qrup vətəndaş bankların təqdim etdiyi reklam çarxlarının insanlarda yanlış ümidlər yaratdığını və real müraciət zamanı bu vədlərin yerinə yetirilmədiyini bildirir.

Şikayətçilərin sözlərinə görə, bank reklamlarında sadə və təsirli süjetlərdən istifadə olunur. Məsələn, küçədə şirniyyat satan iki şəxsin dialoqu üzərindən “biznesi inkişaf etdirmək üçün mikro kredit” ideyası təqdim edilir. Reklamda vurğulanır ki, guya 6 ay aktiv VÖEN olduqda, sahibkara asanlıqla kredit ayrılır və biznesini böyütmək imkanı yaranır.
Vətəndaşlar hesab edirlər ki, bu cür reklamlar reallığı əks etdirmir. Onların sözlərinə görə, reklamı izləyən gənc sahibkar bank filialına müraciət etdikdə tamamilə fərqli mənzərə ilə qarşılaşır. Kredit üçün əlavə girovlar, yüksək tələblər, uyğun gəlməyən şərtlər və uzun prosedurlar irəli sürülür.

Şikayətçilər bildirir ki, reklamda “asan”, “əlçatan” və “biznes üçün dəstək” kimi təqdim olunan mikro kreditlər əslində çox az sayda insana verilir. Nəticədə reklamla yaradılan gözləntilər boşa çıxır və vətəndaş özünü aldadılmış hiss edir.
Bir çox vətəndaş bu yanaşmanı insanları “şirin vədlərlə cəlb etmək” kimi qiymətləndirir. Onların fikrincə, banklar reklam vasitəsilə emosional təsir yaradır, lakin real kredit siyasəti ilə bunu uzlaşdırmır. Bu isə xüsusilə biznesini yeni qurmağa çalışan gənclərin ümidlərini sarsıdır.

Şikayətçilər sual edirlər ki, əgər reklamda səsləndirilən şərtlər real deyilirsə, bu zaman belə çarxların yayımlanması nə dərəcədə doğrudur. Onların fikrincə, reklamla real xidmət arasında bu qədər ciddi fərqin olması açıq şəkildə çaşdırıcı xarakter daşıyır.

Vətəndaşlar aidiyyəti qurumları bank reklamlarına nəzarəti gücləndirməyə çağırır. Onlar hesab edirlər ki, maliyyə qurumları ictimaiyyətə təqdim etdikləri vədlərə görə məsuliyyət daşımalı və reklam məzmunu real kredit şərtləri ilə uyğun olmalıdır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.