Əbülfəz Elçibəyin oğlu Nemət Pənahlını məhkəməyə verir

Azərbaycanın keçmiş Prezidenti, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev “Meydan hərəkatı”nın rəhbərlərindən biri olan Nemət Pənahlını məhkəməyə verir.

AzPost-un məlumatına görə, bunu “Yeni Sabah”a açıqlamasında sabiq dövlət başçısının oğlu bildirib.

“Nemət Pənahlının müsahibəsini yeni oxumuşam. İndi vəkili gözləyirəm. Gəlsin, iddianı hazırlayıb məhkəməyə təqdim edəcəyik”, – Ərturqut Əliyev vurğulayıb.

Qeyd edək ki, Əbülfəz Elçibəy 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində doğulub.

80-ci illərin sonlarında Azərbaycanda başlayan Milli Azadlıq Hərəkatının lideri, Azərbaycan Xalq Cəbhəsinin sədri olub.

Ə.Elçibəy 1992-ci il iyunun 17-də Azərbaycan Prezidenti (ikinci prezident) seçilib. Bir il sonra – 1993-cü il iyunun 24-də hakimiyyətdən devrilib.

O, 2000-ci il avqustun 22-də 62 yaşında Gülhanə Hərbi Tibbi Akademiyasında vəfat edib. Fəxri xiyabanda dəfn olunub.

Xatırladaq ki, N.Pənahlının son açıqlamaları ictimai müzakirələrə səbəb olub. O, “Meydan hərəkatı” dövründə toplanan böyük məbləğdə vəsaitin taleyi ilə bağlı sensasion iddialar irəli sürüb. Bildirib ki, guya 10 milyon vəsait AXC lideri və mərhum Prezident Əbülfəz Elçibəy tərəfindən mənimsənilib. N.Pənahlının sözlərinə görə, pul toplandıqdan sonra özü həbs olunub, azadlığa çıxdıqda isə pulu saxlayan Rəsul adlı şəxsdən hesabat tələb edib. Sözügedən şəxs hesabat təqdim etməkdən boyun qaçırıb.

Milli Azadlıq Hərəkatının tanınmış bir çox nümayəndəsi və Əbülfəz Elçibəyin silahdaşları N.Pənahlının dediklərini şər-böhtan və qərəzli yanaşma sayırlar.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.