“Oleq Bakinski” amnistiyaya düşdü, cəzadan azad edildi

Azərbaycanda xuliqanlıqda ittiham olunan ukraynalı milyonçu, kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınan Oleq Krapivinə Amnistiya aktı şamil olunub.

Bu barədə APA-ya onun vəkili Xeyransa Babayeva məlumat verib.

Məlumata görə, Ədliyyə Nazirliyi Probasiya xidmətinin bununla bağlı təqdimatına Xətai rayon məhkəməsində baxılıb. Məhkəmə onu şərti cəzadan azad edib.

Oleq Krapivinlə birgə ittiham olunan Konstantin Kuçerin də Amnistiyaya düşəcəyi, cəzasının 6 ay azaldılacağı gözlənilir. Vəkil Elşad Əliyevin APA-ya verdiyi məlumata görə, onunla bağlı Probasiya xidmətinin təqdimatına məhkəmədə baxılacaq.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Oleq Krapivinə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onunla bağlı Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib, 6 ay sınaq müddəti seçilməklə cəzası şərti hesab olunub. Konstantin Kuçerə isə ittiham olunduğu 178.4-cü maddə üzrə bəraət verilib. İttiham olunduğu 221.3-cü maddə üzrə isə qəti olaraq 2 il 6 ay müddətinə həbs cəzası təyin edilib.

Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Qeyd edək ki, “Oleq Bakinski” 2024-cü ildə Bakıda Rusiya vətəndaşına qarşı xuliqanlıq etməkdə ittiham olunaraq polis tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə yekun ittiham irəli sürülüb. Barəsində ibtidai istintaqda seçilmiş həbs qətimkan tədbiri məhkəmənin gedişində ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub.
Cinayət işi üzrə “Oleq Bakinski” ilə yanaşı, 2010-2011-ci illər ərzində Ukraynanın müdafiə sənayesi nazirinin aviasiya məsələləri üzrə müavini vəzifəsində çalışmış Konstantin Antonoviç Kuçer də təqsirli bilinib. Ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə ittiham verilib.
Zərərçəkən qismində “Aviazapchast” ASC, “Promyshlennye Postavki Kazakhstan” MMC və Zaxarenkov Valeriy Nikolayeviç tanınıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.