Türkiyənin Konya şəhərində yol vermə üstündə yaranan mübahisə zamanı sürücünün taksi sürücüsünə hücum etməsi anbaan mobil telefon kamerasına düşüb. Hadisə nəticəsində 2 nəfər bıçaqla yüngül xəsarət alıb.
AzPost xəbər verir ki, hadisə axşam saatlarında Konya şəhərinin mərkəzi Karatay rayonunun Fevziçakmak məhəlləsində, Adana Dairəvi Yol prospektində baş verib. Məlumata görə, prospektdə hərəkətdə olan C.D. idarəsindəki 42 BFF 411 dövlət nömrə nişanlı avtomobilin sürücüsü ilə şəxsiyyəti hələlik açıqlanmayan ticari nəqliyyat vasitəsinin sürücüsü arasında yol vermə səbəbilə mübahisə yaranıb.
Ticari avtomobildən enən sürücü üzərində olan bıçaqla avtomobilin sürücüsü C.D.-ni və maşında olan dostu M.E.K.-ni yaralayıb. Hücumdan sonra şübhəli şəxs hadisə yerindən sürətlə uzaqlaşıb.
Yüngül xəsarət alan C.D. və yanındakı dostu baş verənləri mobil telefonla qeydə alıblar. Görüntülərdə hücum edən şəxsin avtomobilə yaxınlaşaraq şüşəni yumruqlaması, daha sonra bıçaqla maşındakıları yaralaması, ardınca isə yaralı şəxslərlə mübahisə edib avtomobili ilə ərazini tərk etməsi əks olunub.
Hadisə zamanı xəsarət alan iki nəfər polis bölməsinə müraciət edərək şikayətçi olub. Polis əməkdaşlarının apardığı araşdırma nəticəsində şübhəli şəxs müəyyən edilərək saxlanılıb. Onun polis bölməsindəki prosedurlardan sonra məhkəməyə göndəriləcəyi bildirilib.