Bakı Beynəlxalq Qadınlar Klubu mövsümünü açıq elan etdi

13.10.2026 · 22:23 · Gündəm

13 oktyabr 2026-cı il tarixində Four Seasons Hotel Baku otelində Bakı Beynəlxalq Qadınlar Klubunun 2026–2027-ci mövsümünün açılış mərasimi keçirilib. Tədbirdə diplomatik korpusun nümayəndələri, 12-dən çox səfirliyin təmsilçiləri, ictimai və mədəniyyət xadimləri iştirak ediblər.

Klubun prezidenti, Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirinin həyat yoldaşı xanım Asemgül Bayel və vitse-prezident xanım Cəmilə Hüseynovanın çıxışlarından sonra yeni mövsüm rəsmi olaraq açıq elan edilib.

Tədbirin musiqi proqramında Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyaz Məmmədova, eləcə də Azərbaycanın Xalq artisti Fidan Hacıyeva və onun musiqi məktəbinin şagirdləri çıxış ediblər.

Yeni mövsümdə klub humanitar əməkdaşlığın inkişafı, mədəni əlaqələrin genişləndirilməsi, qadınların və uşaqların dəstəklənməsi, xeyriyyə təşəbbüslərinin təşviqi və xalqlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

Çəkilişdə göstərdiyi dəstək və peşəkarlığa görə “Zoom Gallery “- yə dərin təşəkkürümüzü bildiririk

AzPost.az

“Kontakt Home”un ENDİRİM fırıldağı məhkəmədə ifşa olundu – TƏFƏRRÜAT

17.09.2026 · 14:04 · Aktual

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Kontakt Home” əmtəə nişanı altında məişət texnikası, mobil telefonlar və elektronika məhsullarının satışını həyata keçirən “ABC-Telecom” MMC barəsində daha bir inzibati xəta haqqında protokol tərtib edib.

Plat.az-ın əldə etdiyi məlumata görə, İnzibati Xətalar Məcəlləsinin (İXM) 428.10-cu (Reklam haqqında qanunvericiliyin pozulması) maddəsi ilə inzibati xəta haqqında protokol vətəndaş (müştəri) Ə.Ələsgərlinin Dövlət Agentliyinə müraciətindən sonra tərtib olunub.

Protokolda qeyd edilib ki, “ABC Telecom” MMC tərəfindən 28 yanvar 2026-cı il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, ev 3G ünvanında, “Red Plaza”da fəaliyyət göstərən “Kontakt Home”un “Facebook” sosial şəbəkə səhifəsində məhsulun qiyməti, qiymət güzəştləri, əldəetmə və ödəniş şərtləri barədə həqiqətə uyğun olmayan reklam yayımlanıb.

İş materiallarına əsasən, sosial şəbəkədə yayımlanan reklamda “ASUS Eye Care Monitor” markalı monitorun əvvəlki qiymətinin 499,99 manat, endirimli qiymətinin isə 199,99 manat olduğu göstərilib. Həmçinin məhsulun “endirimli qiyməti 24 aya böl” şərti ilə təqdim edildiyi və aylıq ödəniş məbləğinin 9,33 manat təşkil etdiyi qeyd olunub.

Agentliyin nümayəndəsinin Binəqədi Rayon Məhkəməsində verdiyi məlumata görə, araşdırmaya vətəndaş Ə.Ələsgərlinin dövlət qurumuna müraciəti səbəb olub.

Belə ki, vətəndaş 14 dekabr 2025-ci il tarixdə “Kontakt Home” mağazalar şəbəkəsinin “kontakt.az” internet səhifəsində “ASUS VP299CL” markalı monitorun 199 manat qiymətinə təklif edildiyini bildirib. Məhsulu sifariş etdikdən sonra sifarişin yoxlanılması məqsədilə onunla telefon əlaqəsi saxlanılıb, daha sonra isə sifariş “müştəri telefonu açmadığı üçün” qeydi ilə ləğv edilib.

Bundan sonra Ə.Ələsgərli həmin məhsulun internet səhifəsindəki qiymətinin 829 manata dəyişdirildiyini qeyd edərək, endirimli qiymətə təklif olunan məhsulun bilərəkdən satılmadığı qənaətinə gəldiyini deyib.

Daha sonra vətəndaş “ASUS VP299CL” markalı monitorun “Music Gallery” mağazasında 199 manat qiymətinə satışda olduğunu aşkar etdiyini və “Ən yaxşı qiymətə zəmanət” kampaniyasından yararlanmaq üçün “Kontakt Home”a müraciət etdiyini bildirib. Lakin ona “Music Gallery” mağazasının yalnız bir filialının olması səbəbindən kampaniya şərtlərinə uyğun gəlmədiyi deyilib.

Agentlik tərəfindən müraciətin araşdırılması məqsədilə “ABC Telecom” MMC-yə 24 dekabr 2025-ci il və 19 yanvar 2026-cı il tarixlərində sorğu məktubları göndərilib. MMC-nin Agentliyə təqdim etdiyi cavabda isə müştərinin gördüyü qiymətin real olmadığı, həmin məhsulun kampaniya dövründə belə qiymətə təqdim edilmədiyi bildirilib.

Şirkət izahatında “kontakt.az” internet səhifəsində gecə saatlarında mütəmadi olaraq yenilənmə və təkmilləşdirmə işlərinin aparıldığını, bu proses başa çatanadək bəzi məhsulların göstəricilərində texniki səbəblərdən fərqliliklərin yarana biləcəyini qeyd edib. Həmçinin müştəri ilə sifarişlə bağlı günün erkən saatlarında əlaqə saxlanıldığı və internet sürəti ilə əlaqədar məhsulun real qiymətinin həmin anda dərhal görünməməsinin mümkün olduğu deyilib.

Araşdırma zamanı vətəndaş tərəfindən Agentliyə təqdim edilmiş foto və videogörüntülər, habelə yazışmalar da incələnib.

Həmin görüntülərdən birində “Kontakt Home”un “Facebook” sosial şəbəkə səhifəsində “Monitor Asus VP299CL” markalı məhsulun 199,99 manat endirimli qiymətə təklif edildiyi müəyyən edilib.

Digər görüntülərdə isə vətəndaşın “MusicGallery” mağazasının “WhatsApp” nömrəsi vasitəsilə məhsulun mövcudluğu və qiyməti ilə bağlı sorğu göndərdiyi əks olunub. Yazışmada mağaza tərəfindən həmin modelin nağd alış qiymətinin endirim tətbiq edilməklə 199,99 manat olduğu bildirilib.

Bundan başqa, vətəndaşın “Kontakt Onlayn Satış”ın “WhatsApp” nömrəsi vasitəsilə “Ən yaxşı qiymətə zəmanət” kampaniyasından yararlanmaqla bağlı müraciət etdiyi də müəyyən olunub.

Agentlik hesab edib ki, əldə edilmiş məlumatlar, o cümlədən vətəndaş tərəfindən təqdim olunan foto və videogörüntülər, eləcə də yazışmalar “ABC Telecom” MMC tərəfindən verilən izahatlarla uyğunluq təşkil etmir.

Araşdırma nəticəsində müəyyən edilib ki, şirkətə məxsus “kontakt.az” internet səhifəsində, həmçinin “Instagram” və “Facebook” sosial şəbəkə səhifələrində “ASUS VP299CL” markalı monitor əvvəlcə 199 manat qiymətinə təklif olunub və sifariş qeydə alınıb. Lakin həmin sifariş təmin edilməyib. Məhsulun qiyməti sonradan 829 manat göstərildikdə isə eyni məhsulun digər satış nöqtəsində 199,99 manata təklif olunmasına baxmayaraq, “Ən yaxşı qiymətə zəmanət – fərqin 120 faizi qədər endirim” kampaniyasının şərtlərinin tətbiq edilmədiyi müəyyən edilib.

Agentliyin mövqeyinə görə, reklamda göstərilən məlumatlar istehlakçılarda çaşqınlıq yaradıb, məhsulun reklam edilən vaxt qiyməti və qiymət güzəştləri barədə yanlış məlumat verilməklə onların aldadılmasına səbəb olub.

Məhkəmə iclasında Agentliyin nümayəndəsi protokolu müdafiə edərək söyləyib ki, araşdırma nəticəsində reklamda əmtəənin qiyməti, qiymət güzəştləri və əldəetmə şərtləri barədə istehlakçılarda yanlış təsəvvür yaradan, həqiqətə uyğun olmayan məlumatların verilməsi müəyyən edilib.

Nümayəndə qeyd edib ki, reklamda göstərilən qiymət faktiki satış şərtlərinə uyğun olmayıb və məhsul həmin qiymətlə istehlakçıya təqdim edilməyib. O, “ABC Telecom” MMC barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edib.

Məhkəmədə şirkətin nümayəndəsi isə, protokolla razılaşmayaraq bildirib ki, reklam paylaşımında qiymətlə bağlı uyğunsuzluq texniki səbəblərdən yaranıb. Onun sözlərinə görə, şirkət tərəfindən istehlakçıları aldatmaq və ya çaşdırmaq məqsədi olmayıb və məsələ saytın və sistemin yenilənməsi zamanı baş vermiş qısamüddətli texniki nasazlıqla əlaqədardır.

Məhkəmə iş materiallarını, inzibati xəta haqqında protokolu, təqdim edilmiş foto və videogörüntüləri, yazışmaları, eləcə də proses iştirakçılarının izahatlarını araşdıraraq hesab edib ki, “ABC Telecom” MMC tərəfindən İXM-in 428.10-cu maddəsində nəzərdə tutulan inzibati xəta törədilib. Bununla əlaqədar məhkəmə şirkəti nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilib. Qərara əsasən “ABC Telecom” MMC barəsində həmin maddənin sanksiyası həddində 1 000 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilib.

AzPost.az

Səfəvilər dövrünün Azərbaycan mütəfəkkirlərinə həsr olunmuş yeni kitab işıq üzü görüb

14.09.2026 · 16:11 · Gündəm

Tədqiqatçı-alim Şahin Yəhyayevin “Səfəvilərin hakimiyyəti dövrünün (1501–1736) fəqih, filosof, şair, yazıçı və xəttatları (Əqiqi Bəxşayişinin “Məfaxiri-Azərbaycan” əsəri əsasında)” adlı yeni kitabı işıq üzü görüb.

Əqiqi Bəxşayişinin “Məfaxiri-Azərbaycan” əsəri əsasında ərsəyə gətirilən kitabda Səfəvilər səltənəti dövründə Azərbaycan adlı tarixi-coğrafi ərazidə yaşayıb-yaratmış 120 fəqih, filosof, şair, yazıçı və xəttat haqqında dəyərli tarixi-fəlsəfi və ədəbi məlumatlar əksini tapıb.

Qeyd edək ki, kitabın müəllifi Şahin Yəhyayev 1981-ci ildə Masallı rayonunun Ərkivan kəndində anadan olub. O, Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində fəlsəfə üzrə bakalavr və magistr təhsili alıb. Müxtəlif illərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində, həmçinin Qafqazşünaslıq, Tarix və Etnoqrafiya, eləcə də Şərqşünaslıq institutlarında elmi işçi və məsul vəzifələrdə çalışıb, ali məktəblərdə baş müəllim kimi pedaqoji fəaliyyət göstərib. Ş.Yəhyayev 15-dən çox elmi məqalənin və 10 tərcümə kitabının müəllifidir.

AzPost.az

Ağdaşda “Heyva festivalı” keçiriləcək

07.09.2026 · 10:17 · Turizm

Noyabrın 9-da Ağdaş rayonunda “Heyva festivalı” keçiriləcək.

Artıq festivalın geniş şəkildə keçirilməsi ilə bağlı hazırlıq işlərinə başlanılıb.

Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadənin rəhbərliyi ilə keçirilən iclasda festivalın yüksək səviyyədə təşkili və keçirilməsi ilə bağlı məsələlər ətraflı müzakirə olunub.

Qeyd edilib ki, festivalın keçirilməsi rayonun turizm potensialının tanıdılmasına, yerli sahibkarların məhsullarının geniş ictimaiyyətə təqdim olunmasına və bölgənin sosial-iqtisadi inkişafına töhfə verəcək.

İclasda tədbirin proqramı, iştirakçıların sayı, ticarət-sərgi yarmarkasının təşkili, konsert proqramı, milli mətbəx nümunələrinin təqdimatı, dekorasiya və logistika işləri ilə bağlı aidiyyəti qurumların qarşısında konkret vəzifələr qoyulub.

Qeyd edək ki, “Heyva festivalı” ilə bağlı ən son yeniliklər, xəbərlər və ətraflı məlumatlar heyvafest.az saytında mütəmadi olaraq təqdim olunacaq.

AzPost.az