“Pink Pover Fest-qız şagirdlərin idman festivalı” qrant layihəsi çərçivəsində futzal turniri keçirilib.
Turnirə Quba rayonunun 4 ümumtəhsil məktəbinin VII-IX siniflərində təhsil alan 32 nəfər qız şagird cəlb edilib. Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta ümumtəhsil məktəbinin idman zalında təşkil olunan turnirin açılış mərasimində layihə rəhbəri Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin fiziki tərbiyə müəllimi Kamran Əlimərdanov və layihənin eksperti Ramin Mahmudov çıxış edərək layihənin əhəmiyyəti barədə danışıb, layihənin keçirilməsində əsas məqsədin qızlar arasında sağlam həyat tərzinin təbliği olduğunu qeyd ediblər.
Rəsmi hissədən sonra əsasnaməyə uyğun olaraq ½ final oyunlarına start verilib.
Püşkatmanın nəticəsinə əsasən bu mərhələdə Quba şəhəri Hikmət Hüseynov adına 4 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyin komandası Quba şəhəri 7 nömrəli tam orta ümumtəhsil məktəbinin futzalçılarına 6-0, Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin komandası isə Quba rayonu Musa Paşayev adına Küpçal kənd tam orta ümumtəhsil məktəbinin komandasına 11-0 qalib gələrək final oyununa vəsiqə əldə edib.
Final oyununda Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin komandası Quba şəhəri Hikmət Hüseynov adına 4 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyin komandasını 3-1 məğlub edərək turnirin qalibi adını qazanıb.
Bürünc mükafat uğrunda qarşılaşmada isə Quba şəhəri 7 nömrəli tam orta ümumtəhsil məktəbinin futzalçıları əsas hissəsi 0-0 başa çatan qarşılaşmada Quba rayonu Musa Paşayev adına Küpçal kənd tam orta ümumtəhsil məktəbinin komandasına penatilər seriyasında 3-2 hesabı ilə qalib gələrək turniri üçüncü yerdə başa vurub.
Yekunda qalib və mükafatçılar layihə çərçivəsində kubok, medal və diplomlarla təltif edilib.
Turnirin ən məhsuldar oyunçusu adını isə 11 qolla bombardir olan Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin komandasının hücumçusu Gülay Cəfərli qazanıb və layihə çərçivəsində xüsusi kubokla təltif olunub.
Qeyd edək ki, “Pink Pover Fest” qrant layihəsi Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin fiziki tərbiyə müəllimi Kamran Əlimərdanov tərəfindən Quba rayonunun müxtəlif məktəblərində icra olunur. Layihənin əsas məqsədi qız şagirdlər arasında sağlam həyat tərzinin təbliği, qız şagirdlərin idmana cəlb edilməsinin təşviq edilməsinə dəstək göstərməkdir.









