ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın Yaxın Şərqə aviadaşıyıcı gəmilər göndərməsinə ehtiyac olmadığını bildirib.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Tramp sosial şəbəkədə paylaşdığı mesajda Birləşmiş Krallığın Yaxın Şərqə iki aviadaşıyıcı göndərməyi nəzərdən keçirdiyini qeyd edib. O bildirib ki, ABŞ-nin bu gəmilərə artıq ehtiyacı yoxdur.
“Birləşmiş Krallıq, bizim bir vaxtlar ən böyük müttəfiqlərimizdən biri, nəhayət Yaxın Şərqə iki aviadaşıyıcı göndərməyi ciddi şəkildə düşünür. Amma buna ehtiyac yoxdur. Müharibəni artıq qazandıqdan sonra qoşulanlara ehtiyacımız yoxdur”, – deyə Tramp “Truth Social” platformasında yazıb.
Trampın açıqlamaları ABŞ bombardmançı təyyarələrinin Böyük Britaniyaya eniş etməsi və Vaşinqtonun müəyyən müdafiə əməliyyatları üçün Britaniya hərbi bazalarından istifadə etməyə başlaması fonunda səsləndirilib.
ABŞ Prezidenti “Air Force One” təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən sosial şəbəkədəki paylaşımına istinad edərək bildirib ki, ABŞ-nin Birləşmiş Krallığın aviadaşıyıcılarına ehtiyacı yoxdur. Donald Tramp əlavə edib: “Bu addımın vaxtı uyğun deyil və belə dəstək iki həftə əvvəl göstərilsəydi daha məqsədəuyğun olardı”.