Mayın 7-də NEW ZEON icma məkanında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş görüş keçirilib.
Azpost.info bildirir ki, gecəni NEW ZEON-un təsisçisi İlya Flaks açıb. O, qonaqları salamlayıb və Heydər Əliyevin şəxsiyyətinə həsr olunmuş bu görüşün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. İlya Flaks qeyd edib ki, görkəmli dövlət xadimi Heydər Əliyevin irsi bu gün də ölkənin ictimai həyatında mühüm yer tutur.
Gecənin xüsusi qonağı Azərbaycanın Xalq yazıçısı, əməkdar jurnalist, Heydər Əliyevin həyatı haqqında kitabların müəllifi və bioqrafı Elmira Axundova olub.
Görüş zamanı qonaqlar Heydər Əliyevin şəxsiyyətinin miqyasını, həyat yolunu və dövlətçilik irsini daha dərindən açan eksklüziv faktlar, az bilinən hadisələr və şəxsi xatirələr dinlədilər.
Tədbirin sonunda Elmira xanım ən maraqlı sualları ünvanlayan qonaqlara xatirə hədiyyəsi olaraq Heydər Əliyevin bioqrafiyasına həsr olunmuş kitablarını təqdim edib.



