Azərbaycanda hər 100 məhbusdan 45-i narkotikə görə cəza çəkir- Şok statistika

 Azərbaycanda həbsxanalarda olan hər 100 məhbusdan təxminən 45-i narkotiklə bağlı cinayətlərə görə cəza çəkir.

Azpost.info bildirir ki, ölkədə rəsmi qurumların hesabatlarına əsasən, hər il minlərlə şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə cinayət məsuliyyətinə cəlb olunaraq müxtəlif müddətlərə azadlıqdan məhrum edilir.

Rəqəmlər nə deyir?

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatlarına görə, son illərdə ölkədə məhkum olunanların təxminən yarısı məhz bu cinayətlərə görə həbs edilib.

Azərbaycan bu göstərici ilə Avropa Şurası ölkələri arasında ilk sıradadır.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2025-ci il ərzində ölkədə qeydə alınmış 31 852 cinayət hadisəsinin 7 763-ü (24,4%-i) narkotiklərlə bağlı olub. Bu cinayətlərə görə il ərzində 5 657 nəfər müəyyən edilib, onların 98,4%-i cinayət məsuliyyətinə cəlb olunub.

Cari ilin yalnız yanvar-mart ayları ərzində keçirilən əməliyyatlar nəticəsində narkotiklə bağlı daha 1 044 nəfər tutularaq məsuliyyətə cəlb edilib.

Narkotiklə bağlı tutulanlar kimlərdir?

Dövlət Statistika Komitəsinin təhlillərinə əsasən, törədilən narkotik cinayətlərinin 63,5%-ni satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq saxlama və daşıma, 33,3%-ni isə qanunsuz satış və istehsal təşkil edir.

Cinayət törədənlərin mütləq əksəriyyəti 30 yaş və daha yuxarı yaş qrupuna aid olan şəxslərdir. Maraqlıdır ki, saxlanılan şəxslərin 35,8%-i əvvəllər də cinayət törətmiş keçmiş məhkumlardır.

Sunay Aydın

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.