Əhali ildə geyimə 9 milyard manat xərcləyir- Maaşın nə qədəri paltara gedir?

2025-ci ildə Azərbaycanda əhali toxuculuq məhsulları, geyim və ayaqqabı alınmasına ildə təxminən 9,6 milyard manatdan çox vəsait xərcləyib.

Azpost.info bildirir ki, Dövlət Statistika Komitəsinin son rəsmi hesabatlarına əsasən, ölkədə alıcıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi ümumi vəsaitin təxminən 14%-dən çoxu məhz geyim və ayaqqabı sektorunun payına düşür.

Mövsümdən asılı olaraq geyim xərcləri dəyişir. Məsələn, qış və bayram alış-verişinin pik vaxtı olan yanvar ayında geyim xərcləri 700-760 milyon manat olduğu halda, yaz aylarında (məsələn, apreldə) bu rəqəm bir qədər stabilləşir.

Azərbaycanda satılan geyimlərin böyük hissəsi xarici ölkələrdən idxal olunur. Bununla belə, ölkə daxilində də geyim və toxuculuq sənayesində illik əsasda 5%-dən çox artım qeydə alınır. bu da yerli fabriklərin istehsal həcminin (üst və alt geyimləri, işçi formaları və s.) artmasından xəbər verir.

Azərbaycanda fərdi şəxsin geyimə ayırdığı xərc orta aylıq əməkhaqqının təxminən 2,5% ilə 5%-i arasındakı hissəsini təşkil edir.

Ölkədə rəsmi orta aylıq nominal əməkhaqqı 1 151 manat təşkil edir. Statistika göstərir ki, fərdlər ailə tərkibindən asılı olaraq ayda orta hesabla 24,5 manatla 54 manat arasında vəsaiti yeni geyim və ayaqqabıya xərcləyirlər. Bu isə rəsmi orta əməkhaqqının təxminən 2,1% – 4,7%-i deməkdir.

Paytaxt Bakıda orta aylıq əməkhaqqı daha yüksək – 1 381 manat səviyyəsindədir. Bakı sakinlərinin geyimə meylliliyi və xərcləmə vərdişləri daha yüksək olduğundan, burada adambaşına düşən xərc maaşın təxminən 4% – 5%-nə bərabər olur.

Təqdim olunan geyim statistikası ölkədə əhalinin alıcılıq qabiliyyətinin sabit olduğunu, lakin xərclərdə ehtiyatlı və qənaətcil modelin üstünlük təşkil etdiyini göstərir.

İqtisadi və sosial nöqteyi-nəzərdən bu rəqəmlər əhalinin real sosial vəziyyəti, yaşayış səviyyəsi və istehlak vərdişləri barədə bir neçə mühüm məqamı üzə çıxarır.

Əhali pulu yeməyə yoxsa geyimə xərcləyir?  

Azərbaycanda ümumi ticarət dövriyyəsinin təxminən 50%-dən çoxu ərzaq məhsullarının payına düşür.Geyimə isə ümumi büdcənin cəmi 14%-i (maaşın isə 2,5% – 5%-i) ayrılır. Bu, əhalinin böyük hissəsinin qazancını dəbdəbəli və ya çoxsaylı geyimlərə deyil, ilk növbədə ərzaq, kommunal, tibb və təhsil kimi fundamental ehtiyaclara yönəltdiyini göstərir.

Statistikada ailə üzvlərinin sayı artdıqca adambaşına düşən geyim xərcinin kəskin azalması (54 manatdan 24,5 manata düşməsi) sosial vəziyyətin ən həssas tərəfidir. Çoxuşaqlı və ya böyük ailələrdə geyim alış-verişi fərdi istəklərə görə deyil, kəskin ehtiyaca görə (məsələn, uşaqların böyüməsi, məktəb mövsümü) edilir. Böyük ailələrdə geyimlərin böyük qardaş/bacıdan kiçiyə ötürülməsi və ya daha ucuz (kütləvi bazar / “fast fashion”) seqmentə üstünlük verilməsi məcburiyyəti yaranır.

Bakı şəhərində həm orta maaşın yüksək olması (1 381 AZN), həm də geyimə ayrılan faizin (4-5%) yuxarı olması sosial təbəqələşməni göstərir. Bakıda geyim həm də sosial status, iş həyatı və trendlərə uyğunlaşma vasitəsi kimi qəbul edilir. Regionlarda isə gəlirlərin nisbətən aşağı olması səbəbindən geyim xərcləri minimuma endirilir və insanlar daha çox geyimi uzunmüddətli (dözümlülük keyfiyyətinə görə) seçirlər.

Son hesabatlarda geyim xərclərinin hər il təxminən 4% – 5,4% artması qeydə alınır.

Bu artım iki amillə izah olunur. Birincisi, vətəndaşların nominal gəlirlərin artmasıdır. Ölkədə minimum və orta aylıq əməkhaqlarının mütəmadi artırılması əhalinin əlinə keçən nağd pulu artırır.

Digər detal inflyasiya təsiridir. Bu artım təkcə əhalinin daha çox paltar alması demək deyil, həm də idxal olunan geyimlərin bahalaşması ilə bağlıdır. Yəni insanlar eyni sayda geyim üçün daha çox pul ödəmək məcburiyyətində kalırlar.

Azərbaycan əhalisinin sosial vəziyyəti orta-stabil olaraq qiymətləndirilə bilər. Əhali geyim mövzusunda israfçı deyil, rasional və qənaətcildir. Yeni paltar alışı böyük ölçüdə mövsüm dəyişikliklərinə və real ehtiyaclara əsaslanır.

Samir ABDULLAYEV

 

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.