Natiq Cəfərli nazir müavininə etiraz etdi:6 ildə 1,4 milyon qoyun-keçi niyə azalıb?

“Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyevin ölkədə ət istehsalı ilə bağlı açıqladığı gözləntilər adamı lap kövrəldir”.

Azpost.info bildirir ki, bu barədə iqtisadçı-ekspert Natiq Cəfərli nazir müavinin keçirdiyi mətbuat konfransında çıxışını şərh edərkən deyib.

Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev deyib ki Azərbaycanda ət bazarında qiymətlərin sabitləşməsinin istehsalın artırılması və maya dəyərinin azaldılması hesabına təmin olunacağı gözlənilir. Əsas məqsəd ət istehsalını artırmaq, məhsuldarlığı yüksəltmək və istehsal xərclərini azaltmaqdır.

N.Cəfərli deyib ki, 2020-ci ildə Azərbaycanda iribuynuzlu heyvanların sayı  2 milyon 646 min 600 baş olub, 2026-cı ildə isə say 2 milyon 435 min 500 başa düşüb. Son altı ildə 211 min 100 baş azalma var. 2020-ci ildə ölkə üzrə qoyun və keçilərin sayı 8 milyon 189 min 200 baş olub, 2026-cı ildə isə 6 milyon 757 min 800 başa düşüb. Altı ildə 1 milyon 431 min 400 baş qoyun-keçi sayı azalıb.

“Zaur müəllim, arzu, istək, gözlənti, məqsəd lap yaxşı – bəs bu günə qədər nazirlikdə oturub düşünmüsünüzmü ki, son 6 ildə nə baş verdi ki, mal-qara, qoyun-keçi sayında belə kəskin azalma oldu?! Səbəblər nədir?! Bu nəticəni, trendi dəyişmək üçün hansı addımlar atılmalıdır?!”-deyə ekspert sual verib.

Ekspert nazirliyi problemləri təsbit etmək, onları aradan qaldırmaq üçün düşülünmüş, işlək plan-proqram tərtip etməyə çağırıb. “Nəticədən danışmaq azdır. O nəticəni yaradan səbəblər aradan qaldırılmalıdır”.

 

AzPost.az

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.