Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Prezident Dünya Ətraf Mühit Günü ilə bağlı müraciət edib

User 05 İyun 2026 - 12:09 (Last updated: 05 İyun 2026 - 12:09)
ilham aliyev

Prezident İlham Əliyev 2026-cı il Ümumdünya Ətraf Mühit Günü ilə bağlı müraciət ünvanlayıb.

Müraciətə deyilir:

“Hörmətli iştirakçılar,

Hamınızı Ümumdünya Ətraf Mühit Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycanın regionda ilk dəfə olaraq bu qlobal tədbirə ev sahibliyi etməsi mühüm hadisədir. Bu, Azərbaycanın beynəlxalq səviyyədə ətraf mühitin mühafizəsi ilə bağlı maarifləndirmənin artırılması sahəsində fəal roluna və planetimizi qorumaq naminə kollektiv səylərə verdiyi töhfəsinə yüksək qiymətin göstəricisidir.

XXI əsrdə ətraf mühitin mühafizəsi beynəlxalq ictimaiyyətin ortaq məsuliyyətidir. İqlim dəyişmələrinin ildən-ilə artan dağıdıcı fəsadları, təbii sərvətlərin, o cümlədən su ehtiyatlarının sürətlə tükənməsi, biomüxtəlifliyin azalması, torpaqların deqradasiyası, çirklənmə və kəskin istilər bir-biri ilə əlaqəli və təxirəsalınmaz tədbirlər tələb edən proseslərdir.

Planetimizin üzləşdiyi ekoloji problemlər təkcə ekosistemlərə deyil, həm də dayanıqlı inkişafa, insan sağlamlığına, həyat şəraitinə və ölkələrin tərəqqisinə ciddi təsir göstərir. Gələcək nəsillərin rifahı bu gün bizim bu çağırışların öhdəsindən gəlmək bacarığımızdan asılıdır.

Biz Azərbaycanda bu öhdəliyə tam məsuliyyətlə yanaşır və ətraf mühitin mühafizəsi sahəsində genişmiqyaslı layihələr həyata keçiririk.

Bu gün ölkə ərazisində həm daşqınların, həm də quraqlığın artdığını müşahidə edirik. Su qıtlığı təkcə Azərbaycan üçün deyil, bütün region üçün ciddi narahatlıq doğuran məsələdir. Xəzər dənizinin səviyyəsinin son iki yüzillik ərzində qeydə alınan tarixi minimum səviyyəyə yaxınlaşması problemin ciddiliyinin bariz göstəricisidir.

Təmiz ətraf mühit və “yaşıl artım” hədəfi 2030-cu ilə qədər Azərbaycanın sosial-iqtisadi inkişafına dair beş əsas milli prioritetdən biri kimi müəyyən edilmişdir. Bu prioritetə uyğun olaraq, yaşıllıqların və meşə sahələrinin artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi və tullantıların idarə olunması məqsədilə müasir infrastrukturun yaradılması üçün məqsədyönlü səylər göstərilir.

Biomüxtəlifliyin qorunması məqsədilə Azərbaycanda xüsusi mühafizə olunan təbiət əraziləri genişləndirilir. Bir çox relikt, həmçinin regional və yerli endemik flora növləri ilə zəngin, nadir meşə massivi olan Hirkan meşələri Azərbaycanın UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş ilk təbiət ərazisidir.

Əfsuslar olsun ki, təxminən 30 il ərzində işğal altında olan ərazilərimiz ekosidə və urbisidə məruz qalmış və bu da həmin ərazilərdə ekoloji tarazlığın pozulmasına səbəb olmuşdu. Bundan əlavə, işğal olunmuş ərazilərdə basdırılmış çoxsaylı minalar bu gün də ciddi ekoloji ziyan vurmaqda davam edir.

Ərazilərimizin işğaldan azad edilməsindən dərhal sonra Azərbaycan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı yenidənqurma və bərpa işlərinə başlamışdı. “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarına uyğun olaraq infrastrukturun yenidən qurulması, yaşıl enerji layihələrinin həyata keçirilməsi və müasir texnologiyaların tətbiqi yerli ekosistemin bərpasına töhfə verəcək.

Eyni zamanda, yaşıl enerji zonaları elan edilmiş Qarabağ və Şərqi Zəngəzur günəş, külək və su elektrik resursları da daxil olmaqla geniş bərpaolunan enerji potensialına malikdir. Yaşıl enerjinin inkişaf etdirilməsi Azərbaycanın dövlət siyasətinin prioritetləri sırasındadır.

Hörmətli iştirakçılar,

“Təbiətdən ilhamlanaraq. İqlim naminə. Gələcəyimiz naminə” qlobal çağırış adı altında keçirilən builki Ümumdünya Ətraf Mühit Günü iqlim fəaliyyəti və təbiət arasında qarşılıqlı əlaqənin gücləndirilməsinə təcili ehtiyac olduğunu vurğulayır.

Bu gün iqlim böhranının sərhəd tanımayan fəsadları beynəlxalq əməkdaşlığın gücləndirilməsini zəruri edir. Azərbaycan COP29-a sədrliyi dövründə iqlim diplomatiyası və çoxtərəfli dialoq üçün mühüm platforma təmin etmiş, inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında körpü qurmaqla qlobal həmrəyliyi daha da gücləndirmişdi. Azərbaycanın COP mirasını təşkil edən “Bakı sıçrayışı” tarixi qərarlarla yadda qaldı.

COP29-dan bu günədək iqlim liderliyimiz davam etmiş və Azərbaycan Ümumdünya Şəhərsalma Forumunun tarixində ən genişmiqyaslı, sayca 13-cü sessiyasına ev sahibliyi etmişdi. Tədbir “Bakı Fəaliyyətə Çağırış” sənədinin qəbul edilməsi ilə nəticələnmişdir. Sənəddə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və hər kəs üçün dayanıqlı, əlçatan və iqlimə davamlı mənzil təminatı üçün konkret addımların atılmasına zərurət olduğu vurğulanır.

Azərbaycan gələcək nəsillərə yaşıl və dayanıqlı bir dünya miras qoymaq məqsədilə çoxtərəfli əməkdaşlığı bundan sonra da təşviq edərək qlobal ekoloji gündəliyin irəlilədilməsində fəal rol oynamağa davam edəcək.

Tədbirin işinə uğurlar arzulayıram”.

AzPost.az

Post navigation

Previous: Bu il dövlət büdcəsinə 8 mlrd. manat vergi daxil olub
Next: “İdrak” liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb

Oxşar xəbərlər

White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
Azərbaycanda vəkillərin
  • Sosial

Bu il 6 vəkil Kollegiyadan xaric olunub, 27 nəfər cərimələnib

User 18 Noyabr 2026 - 18:00

xƏBƏR

ceyhun hakan fidan
  • Siyasət

Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı

User 18 Noyabr 2026 - 23:46
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı baş tutub. “Hürriyet” qəzetinin...
Read more about Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək rus gurcu
  • Dünya

Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək

User 18 Noyabr 2026 - 23:41
Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı pasinyan qurultay
  • Dünya

Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı

User 18 Noyabr 2026 - 23:06
Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı badam
  • Maraqlı

Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı

User 18 Noyabr 2026 - 22:47
Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır ekrem im
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.