İnsan beyninin ən məhsuldar saatları hansı vaxtdır?

İnsanların bir hissəsi səhər saatlarında daha enerjili olur, digərləri isə axşam saatlarında daha yaxşı işləyir. Alimlərin yeni araşdırması isə beynin ən məhsuldar olduğu vaxtlarla bağlı maraqlı nəticələr ortaya qoyub.

Azpost.info-nun məlumatına görə, tədqiqatçılar minlərlə iştirakçının iş qabiliyyətini və diqqət səviyyəsini analiz edərək müəyyən ediblər ki, insanların əksəriyyətində zehni fəaliyyət səhər saat 9:00-11:00 arasında pik həddə çatır.

Mütəxəssislərin sözlərinə görə, bu saatlarda beyin informasiyanı daha sürətli emal edir, diqqət dağınıqlığı azalır və qərarvermə qabiliyyəti yüksəlir. Günorta saatlarından sonra isə əksər insanlarda enerji səviyyəsi tədricən aşağı düşməyə başlayır.

Araşdırma göstərib ki, yaradıcı düşüncə tələb edən işlər üçün isə axşam saatları daha əlverişli ola bilər. Alimlər bunu beynin həmin vaxt daha sərbəst assosiasiyalar qurması ilə izah edirlər.

Psixoloqlar bildirirlər ki, məhsuldarlığı artırmaq üçün vacib qərarlar və mürəkkəb tapşırıqlar günün ilk yarısına planlaşdırılmalıdır. Günortadan sonra isə rutin işlərə üstünlük vermək daha səmərəli hesab edilir.

Ekspertlərin fikrincə, yuxu rejimi də məhsuldarlığa ciddi təsir göstərir. Gec yatmaq və qeyri-kafi yuxu beynin performansını zəiflədir, diqqət və yaddaş problemlərinə səbəb olur.

Mütəxəssislər qeyd edirlər ki, hər insanın bioloji ritmi fərqlidir. Buna görə də ən məhsuldar saatları müəyyən etmək üçün öz gündəlik fəaliyyətini müşahidə etmək və iş rejimini buna uyğun qurmaq faydalıdır.

S.Aydın

AzPost.az

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.