Sakit okeanın dibində tapılan sirli dairələr alimləri çaşdırır

Yer kürəsinin ən böyük sirrlərinin bir hissəsi okeanların dərinliklərində gizlənir. Son illərdə alimlər Yaponiyanın cənubunda, Sakit okeanın dibində aşkarlanan qeyri-adi dairəvi quruluşlarla bağlı yeni məlumatlar əldə ediblər.

Azpost.info xəbər verir ki, ilk dəfə 1995-ci ildə Okinava adası yaxınlığında aşkar edilən bu dairələr uzun müddət alimlər üçün müəmmalı olaraq qalmışdı. Dəniz dibində yerləşən və diametri təxminən iki metrə çatan bu naxışlar süni obyektləri xatırladırdı.

Araşdırmalar nəticəsində məlum olub ki, dairələrin müəllifi kiçik ölçülü balıq növüdür. Erkək balıqlar cütləşmə dövründə qum üzərində mürəkkəb həndəsi fiqurlar yaradırlar. Tokiodakı Milli Təbiət və Elm Muzeyinin mütəxəssisləri müəyyən ediblər ki, bu naxışların hazırlanması bir həftədən çox vaxt aparır. Balıq üzgəclərindən istifadə edərək qumu hərəkət etdirir və simmetrik formalar yaradır.

Alimlər hesab edirlər ki, dairələrin məqsədi dişi balıqları cəlb etməkdir. Nə qədər mükəmməl forma hazırlanarsa, cütləşmə şansı da bir o qədər yüksək olur. Bu kəşf heyvanlar aləmində ən maraqlı davranış nümunələrindən biri hesab edilir. Bioloqların fikrincə, belə mürəkkəb quruluşların yaradılması yalnız instinkt deyil, həm də müəyyən davranış strategiyasının göstəricisidir.

Araşdırmalar davam edir və alimlər okeanların dərinliklərində hələ də yüzlərlə naməlum canlı növünün yaşadığını bildirirlər. Yer səthinin təxminən 70 faizini örtən okeanlar bu gün də elm üçün ən az öyrənilmiş məkanlardan biri olaraq qalır.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.