Günün sonunda ayaqqabıların dar gəlməsi, corabın iz salması və ayaqlarda ağırlıq hissi bir çox insanın rastlaşdığı problemlərdəndir. Çoxları bunu yalnız isti hava və ya duzlu qidalarla əlaqələndirsə də, həkimlər bildirirlər ki, ayaqlarda şişkinliyin səbəbləri daha müxtəlif ola bilər.
Uzun müddət oturmaq və ya ayaqüstə qalmaq
Ofisdə saatlarla oturmaq və ya gün boyu ayaqüstə işləmək qanın ayaqlarda toplanmasına səbəb olur. Bu zaman toxumalarda maye yığılır və şişkinlik yaranır.
Yay istisi
İsti havada qan damarları genişlənir. Bu isə mayenin damarlardan toxumalara keçməsini asanlaşdırır və xüsusilə axşam saatlarında ayaqların şişməsinə səbəb ola bilər.
Artıq çəki
Bədən çəkisinin normadan yüksək olması ayaqlara düşən yükü artırır və qan dövranını çətinləşdirir. Bu da ödem riskini yüksəldir.
Damar problemləri
Varikoz və xroniki venoz çatışmazlıq ayaq şişkinliyinin ən geniş yayılmış tibbi səbəblərindəndir. Şişkinlik ağrı, ağırlıq hissi və görünən damarlarla müşayiət oluna bilər.
Nə zaman həkimə müraciət etmək lazımdır?
Şişkinlik yalnız bir ayaqda yaranırsa, qəfil başlayırsa, güclü ağrı, nəfəs darlığı, sinə ağrısı və ya dərinin rənginin dəyişməsi ilə müşayiət olunursa, vaxt itirmədən həkimə müraciət edilməlidir.
Mütəxəssislər bildirirlər ki, müntəzəm hərəkət etmək, kifayət qədər su içmək, uzun müddət eyni vəziyyətdə qalmamaq və artıq çəkini azaltmaq ayaq şişkinliyinin qarşısını almağa kömək edə bilər.