Araşdırma:Elektron siqaret də ağciyər xərçəngi riskini artırır

Yeni elmi araşdırma göstərib ki, adi siqaretlərdən elektron siqaretlərə (veyp) keçmək siqaret çəkməyin sağlamlığa vurduğu zərəri tamamilə aradan qaldırmır. Alimlərin fikrincə, bu addım ağciyər xərçəngi və vaxtından əvvəl ölüm riskini müəyyən qədər azalda bilər. Lakin bu təsir əvvəllər düşünüldüyü qədər böyük olmaya bilər.

Azpost.info -nun məlumatına görə, bu barədə Nature Medicine jurnalında dərc olunan araşdırmada bildirilir.

Elektron siqaret siqareti tam tərgitməyin faydasını azalda bilər

Araşdırmanın nəticələrinə görə, ənənəvi tütün məmulatlarından imtina etdikdən sonra elektron siqaretdən istifadə etmək, siqareti tamamilə tərgitməyin sağlamlığa verdiyi müsbət təsiri qismən azalda bilər. Alimlər vurğulayırlar ki, elektron siqaretlərin uzunmüddətli sağlamlıq təsirləri hələ tam öyrənilməyib. Buna görə də etibarlı tibbi tövsiyələrin hazırlanması üçün əlavə araşdırmalara ehtiyac var.

Tədqiqat müəlliflərinin sözlərinə görə, elektron siqaretlər uzun illərdir siqareti tərgitməyə kömək edən vasitələrdən biri kimi təqdim olunsa da, onların keçmiş siqaret çəkənlərdə xərçəng riskinə uzunmüddətli təsiri barədə kifayət qədər elmi məlumat mövcud deyil.

Alimlər arasında fikir ayrılığı qalır

Mütəxəssislər bu məsələdə hələ də vahid mövqeyə gəlməyiblər. Bəzi alimlər hesab edirlər ki, elektron siqaretlərə keçid siqaretin zərərini müəyyən qədər azalda bilər. Digərləri isə bildirirlər ki, veyplərdən istifadə zamanı orqanizm yenə də iltihab proseslərinə, hüceyrələrin zədələnməsinə və xərçəng riskinin artmasına səbəb ola biləcək maddələrin təsirinə məruz qalır.

4,5 milyondan çox insanın məlumatları təhlil edilib

Araşdırma çərçivəsində alimlər Cənubi Koreyada 4,5 milyondan çox keçmiş siqaret çəkənin tibbi məlumatlarını izləyiblər. “Assuta” tibb mərkəzləri şəbəkəsinin torakal onkologiya şöbəsinin rəhbəri, professor Yelizaveta Dudnik bildirib ki, elektron siqaretə keçən şəxslərdə ağciyər xərçənginə tutulma riski veypdən istifadə etməyən keçmiş siqaret çəkənlərlə müqayisədə 56 faiz, istənilən səbəbdən ölüm riski isə 22 faiz daha yüksək olub.

Siqareti tam tərgitmək daha faydalıdır

Həkimin sözlərinə görə, elektron siqaretə keçmədən siqareti tamamilə tərgidən insanlarda ağciyər xərçəngi riski 44 faiz, vaxtından əvvəl ölüm ehtimalı isə 37 faiz azalıb.

Bunun əksinə olaraq, adi siqareti elektron siqaretlə əvəz edən keçmiş siqaret çəkənlərdə bu müsbət təsir daha zəif müşahidə olunub. Belə ki, onların ağciyər xərçəngi riski cəmi 12 faiz, ölüm riski isə 23 faiz azalıb.

Araşdırma müəllifləri hesab edirlər ki, əldə olunan nəticələr siqareti tamamilə tərgitməyin sağlamlıq baxımından elektron siqaretə keçməkdən daha effektiv olduğunu göstərir. Bununla belə, elektron siqaretlərin uzunmüddətli təsirini qiymətləndirmək üçün əlavə elmi araşdırmaların aparılması zəruridir.

Sunay Aydın

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.