Sofi Loren adı gələndə gözümüzün önündə yalnız dünya kinosunun şah əsərləri deyil, həm də illərə meydan oxuyan bir zəriflik, dərin həyat fəlsəfəsi canlanır. O, sadəcə vizual gözəlliyi ilə deyil, müsahibələrində səsləndirdiyi səmimi, bəzən də acı həyat həqiqətləri ilə dolu fikirləri ilə oxucunu ovsunlamağı bacarır.
Azpost.info aktrisanın müxtəlif illərdə verdiyi müsahibələrin ən maraqlı məqamlarını əhatə edən məqaləni təqdim edir.
Zamanı dayandıran qadın
O, kasıb bir İtaliya qəsəbəsində, müharibənin soyuq və ac sınaqlarından keçərək ulduz pilləsinə yüksəlib. Amma bu gün Sofi Loren haqqında danışarkən onun yalnız Oskar mükafatlarını deyil, həyata baxış bucağını müzakirə edirik. Aktrisanın fərqli dövrlərdə verdiyi səmimi müsahibələr göstərir ki, onun gözəlliyinin arxasında sarsılmaz bir xarakter və dərin zəka dayanır.
Bəs milyonların sevimlisi olan bu qadın həyatı necə görür? Onun fəlsəfəsi nədən ibarətdir?
“Gənclik çeşməsi” haradadır?
Dünya mətbuatı onilliklər boyu ondan eyni sualı soruşub: “Sirləriniz nələrdir? Necə belə qala bilirsiniz?” Sofi Lorenin bu suala cavabı isə hər zaman estetik müdaxilələri və bahalı kremləri inkar edən bir fəlsəfəyə söykənir: “Bir gənclik çeşməsi var: bu, sizin zəkanız, istedadınız, həyata və sevdiyiniz insanların ömrünə qatdığınız yaradıcılıqdır. Bu mənbədən su içməyi öyrəndiyiniz an, siz yaşa qalib gəlmiş olacaqsınız.”
Aktrisa hesab edir ki, qadının cazibəsi onun daxili dünyasının gözlərindəki əksidir. İllərin üzümüzdə buraxdığı izlərdən qorxmaq lazım deyil, çünki yaşadığımız hər bir təcrübə bizi biz edir.
Keçmişdən qorxmamaq
Bir çox ulduz gənclik illərinin yoxsulluğunu, çətinliklərini gizlətməyə çalışsa da, Loren müsahibələrində bu barədə çox açıq danışır. Müharibə illərində keçirdiyi ac günlər, atasız böyüməyin gətirdiyi utancaqlıq onun xarakterini poladlaşdırıb.
Xatirələr haqqında: “Bəziləri ağrılı olsa da, mən heç vaxt keçmişin xatirələrini silməyə çalışmamışam. Keçmişindən gizlənən insanları anlamıram. Yaşadığınız hər bir şey sizi bu gün olduğunuz insan etməyə kömək edir.”
Səhvlər barədə: “Səhvlər insanın dolu-dolu bir həyat yaşaması üçün ödədiyi haqdır.”
50 yaşında öyrənilən ən böyük dərs: “Yox” demək
Merv Qriffinə verdiyi məşhur müsahibəsində aktrisa 50 yaşında həyatında baş verən ən böyük dönüş nöqtəsindən bəhs etmişdi. O, dahi Çarli Çaplinin ona verdiyi bir məsləhəti heç vaxt unutmadığını bildirir: “Çarli mənə dedi ki, ‘yox’ deməyi bacarmayan insanların həyatı xaosa çevrilir. Hər kəsin könlünü xoş etməyə çalışsan, öz prioritetlərini itirəcəksən. Mən məhz 50 yaşımda qətiyyətlə ‘yox’ deməyi öyrəndim və həyatım sistemə düşdü.”
Sofi Loren vurğulayır ki, daxili dincliyi qorumağın yeganə yolu sizə neqativ enerji verən, vaxtınızı oğurlayan hər şeyə sərhəd qoymağı bacarmaqdır.

“Mən ikona deyiləm, mən anayam”
Dünya mətbuatının onu “Kino İlahəsi”, “Əfsanə” və ya “İkona” adlandırmasına Sofi hər zaman təbəssümlə yanaşıb. Özünü heç vaxt əlçatmaz ulduz kimi hiss etmədiyini deyən aktrisa üçün ən böyük titul ailədir: “Nə vaxt mənim haqqımda ‘ikona’ yazdıqlarını oxuyuramsa, gülürəm. Mən ikona? Mən özümü sadəcə bir ana və nənə kimi görürəm. Həyatda ən vacib sığınacaq, möhkəm beton kimi dayanan ailədir. Əgər o yoxdursa, qalan hər şey boşdur.”
Qısa “Sofi Loren qaydaları”:
İntizam gözəlliyi qoruyur: “Əgər gözəl bir qadının intizamı yoxdursa, illər keçdikcə o, gözəlliyini itirəcək. Amma sadə bir qadın daxili nizam-intizama sahibdirsə, zamanla daha da gözəlləşəcək.”
Göz yaşlarının gücü: “Heç vaxt ağlamayan gözlər gözəl ola bilməz. Çünki o gözlərdə həyatın dərinliyi yoxdur.”
Pozitiv qalmaq: “Hər səhər güzgüyə baxanda gördüklərim xoşuma gəlməyə bilər, amma mən pozitiv insanam. Hər yeni gün yaşamaq və sevmək üçün yeni bir şansdır.”
