Düyü və kartof dünyada ən çox istehlak olunan karbohidrat mənbələrindən hesab olunur. Lakin qan şəkərinə nəzarət etməyə çalışan insanlar tez-tez belə bir sual verirlər: bu iki məhsuldan hansını seçmək daha faydalıdır?
Mütəxəssislərin fikrincə, bu suala birmənalı cavab vermək mümkün deyil. Çünki məhsulun qan şəkərinə təsiri onun növündən, hazırlanma üsulundan və hansı qidalarla birlikdə qəbul edilməsindən asılıdır.
Azpost.info bildirir ki, bu barədə Walla nəşri yazıb.
Təkcə qlisemik indeksə baxmaq kifayət etmir
Ekspertlər bildirirlər ki, qidaları qiymətləndirərkən yalnız qlisemik indeksə deyil, qlisemik yük göstəricisinə də diqqət yetirmək lazımdır. Qlisemik indeks karbohidratların nə qədər sürətlə parçalanaraq qanda şəkərin səviyyəsini artırdığını göstərir. Qlisemik yük isə porsiyadakı real karbohidrat miqdarını da nəzərə alır və orqanizmin reaksiyasını daha dəqiq qiymətləndirməyə imkan verir.
Kartofun təsiri hazırlanma üsulundan asılıdır
Ümumilikdə kartofun qlisemik indeksi düyüdən yüksəkdir və qan şəkərinin daha sürətli yüksəlməsinə səbəb ola bilər. Ancaq burada kartofun növü və necə bişirilməsi əsas rol oynayır. Nişastası çox olan kartof növləri qan şəkərinə daha güclü təsir göstərir. Qaynadılmış kartof isə sobada bişirilmiş və ya kartof püresi ilə müqayisədə şəkərin səviyyəsini daha yavaş artırır.
Düyüdə də oxşar vəziyyət müşahidə olunur. Basmati düyüsü tərkibində amiloza daha çox olduğu üçün daha yavaş həzm edilir və qanda şəkərin səviyyəsini kəskin artırmır. Əvəzində yasəmən (jasmine) düyüsü və yapışqan düyü növləri qlükozanın sürətlə yüksəlməsinə səbəb ola bilər. Bundan başqa, həm düyünün, həm də kartofun həddindən artıq bişirilməsi karbohidratların daha tez mənimsənilməsinə gətirib çıxarır.
Kartofun üstün cəhəti
Maraqlıdır ki, kartofun qlisemik indeksi yüksək olsa da, onun qlisemik yükü düyü ilə müqayisədə daha aşağıdır. Bunun səbəbi kartofun tərkibində suyun çox, xalis karbohidratın isə nisbətən az olmasıdır.
Kartof həmçinin kalium, C və A vitaminləri, qida lifləri ilə zəngindir. Bu maddələr düyüdə eyni miqdarda olmur.
Mütəxəssislər nə tövsiyə edir?
Dietoloqlar hesab edirlər ki, nə kartofu, nə də düyünü rasiondan tam çıxarmağa ehtiyac yoxdur. Əsas məsələ düzgün növ seçmək, porsiyalara nəzarət etmək və bu məhsulları zülal mənbələri – toyuq əti, balıq, yumurta və ya paxlalılar, həmçinin liflə zəngin tərəvəzlərlə birlikdə qəbul etməkdir. Bu, şəkərin qana sorulmasını ləngidir.
Mütəxəssislər elmi araşdırmalarla təsdiqlənmiş maraqlı bir üsulu da tövsiyə edirlər. Əgər kartof və ya düyü əvvəlcə qaynadılıb təxminən 12 saat soyuducuda saxlanıldıqdan sonra yenidən qızdırılarsa, nişastanın bir hissəsi rezistent nişastaya çevrilir. Bu növ nişasta daha yavaş həzm olunduğu üçün qan şəkərinə təsiri də xeyli azalır.
Beləliklə, mütəxəssislərin fikrincə, sağlam qidalanma baxımından əsas məsələ kartofla düyü arasında seçim etmək deyil, onların hansı üsulla hazırlanması və hansı qidalarla birlikdə istehlak edilməsidir.
Sunay