İran Silahlı Qüvvələri Baş Qərargahının rəsmi nümayəndəsi, briqada generalı Əbülfəzl Şəkərçi müharibənin nəticələri və ölkənin raket proqramı ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Azpost.info xəbər verir ki, iranlı generalın sözlərinə görə, İran hərbi əməliyyatlar zamanı Birləşmiş Ərəb Əmirlikləri ərazisində yerləşən iri data mərkəzini məhv edib.
Şəkərçi iddia edib ki, həmin obyekt ABŞ, İsrail və Avropa ölkələrinin dəstəyi ilə 20 il ərzində yaradılıb və region üzərində nəzarətin təmin olunmasına xidmət edib.
Onun sözlərinə görə, bu obyektin məhv edilməsi nəticəsində ABŞ-ın son 50 ildə regiona yatırdığı sərmayələr faktiki olaraq puça çıxıb.
İranlı general həmçinin bildirib ki, 40 gün davam edən intensiv döyüşlər zamanı, qarşı tərəfin razılaşmaları pozmasına baxmayaraq, ölkədə strateji raketlərin istehsalı dayandırılmayıb.
Şəkərçi vurğulayıb ki, İranın müdafiə-sənaye kompleksi fasiləsiz fəaliyyət göstərir və strateji silah ehtiyatlarını mütəmadi şəkildə bərpa edir.
Qeyd edək ki, İran rəsmisinin səsləndirdiyi iddialarla bağlı ABŞ, İsrail və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən hələlik rəsmi təsdiq və ya şərh verilməyib.