Alimlərin və kosmetologiya mütəxəssislərinin araşdırmaları dəriyə qulluqda təbii vasitələrin mühüm rol oynadığını göstərir. Bunun səbəbi onların dərinin elastikliyini, möhkəmliyini və sağlam görünüşünü qorumaq üçün vacib olan mikroelementlərlə zəngin olmasıdır.
Son zamanlar xarici görünüşünə və dəri sağlamlığına diqqət yetirənlər üçün faydalı ola biləcək bir meyvə diqqət çəkib. Söhbət kivinin faydalarından gedir.
Ukraynanın TSN nəşri bu ekzotik meyvənin üz dərisinə hansı təsirləri ola biləcəyini araşdırıb.
Kivi dərinin gəncliyini və gözəlliyini qorumağa necə kömək edir?
Parlaq yaşıl rəngli bu meyvə vitaminlər, minerallar və antioksidantlarla zəngindir. Bu maddələr dərinin sağlamlığının, gənc və təravətli görünüşünün qorunmasına kömək edə bilər.
C vitamini güclü antioksidantdır. O, kollagen sintezini stimullaşdırır və sərbəst radikalların mənfi təsirinə qarşı mübarizə aparır. Bu, dərinin qocalma prosesini ləngitməyə və qırışların yaranma riskini azaltmağa kömək edə bilər.
E vitamini dərini nəmləndirir və qidalandırır. Nəticədə dəri daha yumşaq və elastik olur, quruluq, çatlama və qabıqlanma riski azalır.
Meyvə turşuları dərinin ölü hüceyrələrini təmizləməyə, yenilənmə prosesini sürətləndirməyə və daha təravətli görünüş əldə etməyə kömək edir.
Kalium dəridə su balansının qorunmasında iştirak edir və onun həddindən artıq qurumasının qarşısını almağa kömək edə bilər.
Kosmetoloqlar kivini yalnız qida kimi qəbul etməyi deyil, həm də ondan qidalandırıcı və ölü hüceyrələri təmizləyən maskalar hazırlamağı tövsiyə edirlər.
Məsələn, kivini əzərək püre halına salmaq və üz dərisinə 10-15 dəqiqə müddətində çəkmək olar. İddialara görə, bu üsul dərinin vitaminlərlə təmin olunmasına və təbii parlaqlıq qazanmasına kömək edə bilər.
Bununla belə, kivinin allergik reaksiyaya səbəb ola biləcəyini unutmaq olmaz. Buna görə də meyvədən kosmetik məqsədlərlə istifadə etməzdən əvvəl ona qarşı həssaslığın olub-olmadığını yoxlamaq vacibdir.
