Rusiya Prezidenti Vladimir Putin artıq Ukrayna ilə ərazi mübadiləsini müzakirə etməyə hazır deyil və hələ də Donbasın tam nəzarətə götürülməsini hədəfləyir.
Azpost.info bildirir ki, bu barədə Bloomberg məlumat yayıb.
Nəşrin yazdığına görə, Rusiya rəhbərliyi işğal etdiyi Ukrayna ərazilərini geri qaytarmaq niyyətində deyil. Söhbət əsasən ABŞ vasitəçilərinin mümkün sülh razılaşması çərçivəsində ərazi mübadiləsi üçün təklif etdiyi Sumı və Xarkov vilayətlərinin Rusiyanın nəzarətində olan hissələrindən gedir.
Məlumata əsasən, Moskva əvvəllər bu variantı müzakirə etməyə hazır olduğunu bildirsə də, hazırda ABŞ ilə Alyaskada aparılmış danışıqlar zamanı əldə olunduğu iddia edilən qeyri-rəsmi razılaşmaları artıq qüvvədən düşmüş hesab edir.
Bildirilir ki, Kreml işğal olunmuş əraziləri öz nəzarətində saxlayaraq onları təhlükəsizlik bufer zonası kimi istifadə etmək niyyətindədir.
Bild qəzetinin yaydığı məlumata görə, Vladimir Putin Donetsk vilayətinin tamamilə nəzarətə götürülməsini də əsas məqsədlərindən biri hesab edir.
Nəşrin iddiasına görə, Rusiya prezidenti yalnız bu məqsədə nail olduqdan sonra Ukrayna ilə sülh danışıqlarının növbəti mərhələsinə qayıtmağı nəzərdən keçirə bilər.
Qeyd edək ki, Bloomberg və Bild tərəfindən səsləndirilən bu məlumatlarla bağlı Rusiya və Ukrayna rəsmiləri hələlik rəsmi açıqlama verməyiblər.