Məcburi köçkün statusu ilə bağlı yeni qayda qüvvəyə mindi– Bu şəxslər statuslarını itirəcəklər

Prezident İlham Əliyev məcburi köçkün statusunun qanunvericilik çərçivəsində yenidən tənzimlənməsini nəzərdə tutan dəyişiklikləri təsdiqləyib.

Dəyişiklik “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” qanunda əksini tapıb.

Yeni qaydalara əsasən, məcburi köçkün şəxs əvvəl yaşadığı yerə qayıtdıqda, yaxud əvvəlki yaşayış yerinin əvəzinə həmin regionda müəyyən edilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz təmin edildikdə, eləcə də dövlətin xüsusi qərarı ilə yaşayış sahəsi aldıqda olduğu kimi, təklif olunan yaşayış yerindən imtina etdiyi halda da məcburi köçkün statusunu itirəcək.

Qanunun keçid müddəasına görə, sənəd qüvvəyə minənədək əvvəlki yaşayış yerinin əvəzinə işğaldan azad edilmiş ərazilərdə başqa yaşayış sahəsi ilə əvəzsiz təmin olunmuş məcburi köçkünlər də qanunun qüvvəyə mindiyi tarixdən etibarən bu statusu itirmiş hesab olunacaqlar.

Yeni dəyişikliklərə əsasən, vətəndaş əvvəlki yaşayış yerinin əvəzinə yaşadığı regionda müəyyən olunmuş ölçüdə yeni yaşayış sahəsi ilə təmin ediləcək. Bununla dövlət tərəfindən verilən yeni mənzil və ya ev vətəndaşın mülkiyyət hüququnun tam bərpasına xidmət edəcək.

Qanunla edilən dəyişikliklərin məqsədi işğaldan azad olunmuş ərazilərə qayıdış prosesi fonunda məcburi köçkün statusunun tətbiqi mexanizmini yeni reallıqlara uyğunlaşdırmaqdır.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.