Şəkidə məktəb qalmaqalı –Rəsmilər "bağlanmır" dedi, müəllimə işdən çıxarılma bildirişi göndərildi

Şəkinin Daşbulaq kənd ümumi orta məktəbinin fəaliyyətinin dayandırılacağı ilə bağlı yayılan məlumatlar müzakirələrə səbəb olub.

Azpost.info bildirir ki, məsələ ictimailəşdikdən sonra Şəki-Zaqatala Regional Təhsil İdarəsi məktəbin bağlanacağı barədə iddiaları təkzib etsə də, həmin məktəbdə 40 ildir çalışan müəllim ona əmək müqaviləsinə xitam veriləcəyi barədə rəsmi bildiriş aldığını bildirib.

Məsələni ilk olaraq jurnalist Zülfiyyə Quliyeva gündəmə gətirib. O, sosial şəbəkədə yazıb ki, Elm və Təhsil Nazirliyi şagird sayının azlığını əsas gətirərək Şəki rayonunun Daşbulaq kənd orta məktəbini bağlamaq və şagirdləri distant təhsilə keçirmək niyyətindədir.

Onun sözlərinə görə, kənd uzun illərdir işsizlik və içməli su problemi ilə üzləşir. Buna baxmayaraq, sakinlər doğma yurdlarını tərk etmirlər. Jurnalist hesab edir ki, məktəbin fəaliyyətinin dayandırılması kəndin tamamilə boşalmasına səbəb ola bilər.

Z. Quliyeva qeyd edib ki, kənd yolunun vəziyyəti digər yaşayış məntəqələrinə rahat gediş-gəlişə imkan vermir. O xatırladıb ki, 1990-cı illərin sonlarına qədər məktəbdə 100-dən çox şagird təhsil alırdı, hazırda isə onların sayı 29 nəfərdir.

Onun sözlərinə görə, dövlət büdcəsi hesabına kənddə 400 min manat vəsait sərf edilərək 80 yerlik modul məktəb tikilib. O, həmçinin məktəbdə çalışan texniki işçilərin gələcək taleyinin də sual altında qaldığını bildirib.

Məsələ ilə bağlı Qafqazinfo-nun sorğusuna cavab verən Şəki-Zaqatala Regional Təhsil İdarəsi isə məktəbin bağlanacağı barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyini açıqlayıb.

Qurumun məlumatına görə, 2026–2027-ci tədris ilindən etibarən yalnız yüksəkixtisaslı müəllim çatışmazlığı müşahidə olunan bəzi fənlərin tədrisinin onlayn formatda təşkili planlaşdırılır. Həmin dərsləri müəllimlərin sertifikatlaşdırılması prosesində yüksək nəticə göstərmiş ixtisaslı pedaqoqlar aparacaqlar.

Regional Təhsil İdarəsi bildirib ki, bu dəyişiklik məktəbin fəaliyyətinə təsir göstərmir və təhsil müəssisəsinin pedaqoji və texniki heyəti üçün hər hansı ixtisar nəzərdə tutulmur.

Lakin məktəbdə 40 ildir riyaziyyat müəllimi işləyən Yusif Qarayev rəsmi açıqlama ilə reallığın üst-üstə düşmədiyini deyir.

Onun sözlərinə görə, artıq sentyabrın 14-dən əmək müqaviləsinə xitam veriləcəyi barədə rəsmi bildiriş alıb.

“Məktəbin bağlanacağı barədə söhbətlər bir neçə aydır gedirdi. Hətta əvvəldən bilirdim ki, məni Oxud kənd məktəbinə göndərmək istəyirlər. Dərs saatlarımı orada təmin edirlər. Amma mənə dərs məsələsindən çox kəndin taleyi maraqlıdır. Bildiriş gəlməzdən əvvəl məsələni müzakirə etmək istədim, lakin rəhbərlik məzuniyyətdə olduğundan görüş baş tutmadı. Sonra isə işdən çıxarılma bildirişi aldım. Əgər belə bir sənəd göndərilibsə, necə demək olar ki, məktəb bağlanmır?” – deyə müəllim bildirib.

Beləliklə, Daşbulaq məktəbi ilə bağlı vəziyyət ətrafında ziddiyyətli mənzərə yaranıb. Bir tərəfdən Regional Təhsil İdarəsi məktəbin fəaliyyətini davam etdirəcəyini və ixtisar olmayacağını bildirir, digər tərəfdən isə uzun illər həmin məktəbdə çalışan müəllim rəsmi şəkildə əmək müqaviləsinə xitam veriləcəyi barədə bildiriş aldığını açıqlayır.

Hazırda kənd sakinləri və müəllimlər məsələ ilə bağlı daha aydın izahat verilməsini gözləyirlər.

 

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.