İsrailin İrana qarşı gizli planında nələr olub? –Mossadın məxfi ssenarisinin detalları açıqlandı

İran-İsrail
İran-İsrail

İsrail rəhbərliyinin İranda hakimiyyət dəyişikliyinə yönəlmiş planı ölkə daxilində ciddi mübahisələrə səbəb olub. Kəşfiyyat orqanları isə mümkün nəticələrlə bağlı hökumətə sərt xəbərdarlıqlar edib.

Azpost.info-nun məlumatına görə, bu barədə Ynet nəşri məlumat yayıb.

Məlumata görə, “Şir nəriltisi” (“Roar of the Lion”) əməliyyatı başlamazdan əvvəl Mossad hökumət üzvlərinə təqdim etdiyi məruzədə İranda hakimiyyət dəyişikliyinin bir ildən üç ilədək müddətdə baş verə biləcəyini qeyd edib.

Lakin bəzi nazirlər bunu fərqli qəbul ediblər. Onların fikrincə, söhbət ölkə rəhbərinin aradan götürülməsi, kürd qüvvələrinin İrana daxil olması, keçmiş prezident Mahmud Əhmədinejadın alternativ siyasi fiqur kimi irəli sürülməsi və kütləvi etirazların eyni vaxtda başlamasını nəzərdə tutan sürətli ssenaridən gedirdi.

Müzakirələrdə iştirak edən şəxslərin sözlərinə görə, ABŞ əməliyyatın əsas elementləri ilə bağlı mövqeyini dəyişməsəydi, planın uğur qazanmaq ehtimalı daha yüksək ola bilərdi. Bununla belə, əməliyyatın böyük hissəsi hələ də məxfi saxlanıldığı üçün bu iddianı təsdiqləmək mümkün deyil.

Nəşr yazır ki, İsrail ordusu ilə hərbi kəşfiyyat Mossadın yanaşmasını həddindən artıq optimist hesab edib. Hərbçilər bildiriblər ki, İran hakimiyyəti cəmiyyət üzərində real nəzarəti qoruyur və bunu nəzərə almamaq ciddi səhvdir.

İsrail hərbi kəşfiyyatının analitikləri həmçinin xəbərdarlıq ediblər ki, hakimiyyət dəyişikliyi cəhdi uğursuz olacağı təqdirdə İran nüvə silahı yaratmaq istiqamətində fəaliyyətini sürətləndirə bilər. Hesabatda bu, “nəzərə alınmalı risk” kimi qiymətləndirilib.

Digər tərəfdən, Mossad siyasi rəhbərliyə keçmiş prezident Mahmud Əhmədinejadın İran cəmiyyətində nüfuzu ilə bağlı analitik materiallar təqdim edib. Kəşfiyyatın qiymətləndirməsinə görə, o, mövcud sistemdən çıxmış şəxs olduğu üçün alternativ lider kimi cəmiyyət tərəfindən daha inandırıcı qəbul oluna bilərdi.

Məqalədə qeyd olunur ki, İsrail kəşfiyyatı kürd qüvvələrinin yalnız diqqəti yayındırmaq məqsədi daşıdığını, əsas məqsədin isə İran daxilində etiraz dalğasının başlanması olduğunu hesab edib. Bununla yanaşı, Mossad kürd qüvvələrinə mülki əhaliyə qarşı zorakılıq, qarət, qətl, zorlama və hərbi cinayətlərə yol verməməyi tələb edən sərt şərtlər irəli sürüb. Bildirilib ki, bu qaydalar pozularsa, İsrail Hərbi Hava Qüvvələri onlara dəstək verməyəcək.

Ynet-in məlumatına əsasən, hökumət üzvlərinə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın planı poza biləcəyi ehtimalı barədə əvvəlcədən məlumat verilməyib. Həmçinin İsrailin İranla mümkün müharibəsinin ABŞ-la münasibətlərə təsiri də tam şəkildə müzakirə olunmayıb.

Nəşr vurğulayır ki, Mossadın planına ictimaiyyətə açıqlanmayan başqa mühüm elementlər də daxil idi. Buna görə də planın əsl miqyası və məzmunu hələ də tam məlum deyil.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.