Azpost.info xəbər verir ki, vergi yoxlamasının keçirilməməsi müqabilində sahibkarlardan külli miqdarda rüşvət almaqda təqsirləndirilən Dövlət Vergi Xidmətinin iki vəzifəli şəxsi barəsində həbs qətimkan tədbiri seçilib.
Bu barədə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin birgə məlumatında bildirilib.
Məlumata əsasən, dövlət orqanları ilə birgə vəzifəli şəxslərin qanunsuz əməllərinin qarşısının alınması və korrupsiya faktlarının aşkar olunması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Dövlət Vergi Xidmətindən daxil olmuş məlumat əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb və cinayət işi başlanıb.
İlkin istintaqla müəyyən edilib ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Operativ vergi nəzarəti və uçotun təşkili baş idarəsinin Sahə təhkimçiliyi idarəsinin rəis müavini Rüstəm Mirzəyev və həmin idarənin 4-cü şöbəsinin rəisi Kənan Məmmədov 2026-cı ilin may ayında Bakıda yerləşən ticarət mərkəzlərindən birində fəaliyyət göstərən çoxsaylı sahibkarlardan vergi yoxlamalarının keçirilməməsi, cərimələrin tətbiq olunmaması və digər qanunsuz güzəştlər müqabilində ümumilikdə 200 min manat məbləğində rüşvət almaqda əsaslı şəkildə şübhəli bilinirlər.
Azpost.info bildirir ki, toplanmış sübutlar əsasında hər iki şəxsə Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü maddələri (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma) ilə ittiham irəli sürülüb.
İstintaq orqanının vəsatəti və işi üzrə prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Rüstəm Mirzəyev və Kənan Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.
Birgə məlumatda qeyd olunub ki, hazırda cinayət işi üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Həmçinin qanunsuz əməllərdə iştirak etmiş digər şəxslərin də müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində tədbirlər görülür.